Türkiyə I liqasında XIV turun oyunları keçirilib. Sportnet.az xəbər verir ki, bu gün azərbaycanlı futbolçulardan Cavid İmamverdiyevin şərəfini qoruduğu "Elazığspor” "Boluspor”u qəbul edib.
Bu oyunda İmamverdiyev 46-cı dəqiqədə meydana daxil olub. Onun komandası isə 1:0 hesablı qələbə qazanıb. Yeganə qol 90-cı dəqiqədə penaltidən vurulub. Bununla da xallarını 22-yə çatdıran "Elazığspor” turnir cədvəlinin 6-ci pilləsində qərarlaşıb.
Digər futbolçumuz Mahir Şükürovun ehtiyatda qaldığı qarşılaşmada "Karşıyaka” doğma meydanda "Alanyaspor”la üz-üzə gəlib. Şükürovun komandası bu matçdan minimal hesablı qalibiyyətlə ayrılıb. 14 oyundan sonra "Karşıyaka” 21 xalla turnir cədvəlinin 7-ci pilləsində yer alır.
Yığmamızın sabiq hücumçusu Branimir Subaşiçin formasını geyindiyi "Manisaspor” da evində oynayıb. Manisa təmsilçisi "Bucaspor"la qarşılaşıb. Qarşılaşma meydan sahiblərinin darmadağını ilə yekunlaşıb – 5:0. Subaşiç matçın 52-ci dəqiqəsində komandasının 5-ci qolunu vuraraq oyunda son nöqtəni qoyub. O, 82-ci dəqiqədə əvəzlənib. "Manisaspor" hazırda 14 xalla 15-ci yerdə gedir.
Qeyd edək ki, dekabrın 20-də digər futbolçularımızdan Ufuk Budakın sonadək, Vaqif Cavadovun isə 80-ci dəqiqədən meydanda olduğu qarşılaşmada "Qaziantep BB" "Altınordu"nu 3:1 hesabı ilə yenib. Bu qələbə sayəsində anteplilər 18 xalla 9-cu pilləyə yüksəliblər. Rail Məlikovla yollarını ayıran "Dənizlispor" isə səfərdə "Orduspor"a uduzub. Hazırda "xoruzlar" 16 xalla 13-cü pillədədirlər.