
Türkiyə I Liqasında XV turun oyunları keçirilib. Sportnet.az xəbər verir ki, həmyerlilərimizin də komandaları növbəti matçlarına çıxıblar.
Millimizin yarımmüdafiəçisi Cavid İmamverdiyevin oynadığı "Elazığspor” səfərdə "Kasyerispor"la üz-üzə gəlib. Matç 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. İmamverdiyev Bakıda olduğu üçün bu matçda iştirak etməyib.
Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyevin çıxış etdiyi ”Qazientep BB” Rail Məlikovla yenicə yollarını ayıran "Denizlispor”un qonağı olub. Bu görüşdə Cavadov və Budak start heyətində yer alıb. Vaqif 54 dəqiqə çıxış edib, Ufuk isə sonadək oynadığı halda, yalnız 48-ci dəqiqədə sarı vərəqə ilə yadda qalıb. Görüş qolsuz yekunlaşıb.
Yığmamızın sabiq hücumçusu Branimir Subaşiçin formasını geyindiyi "Manisaspor” da səfər oyununa çıxıb. Rəqib isə "Altınordu” olub. Subaşiç start heyətində meydana çıxıb, 35-ci dəqiqədə sarı vərəqə alıb və sonadək meydanda olub. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.
Mahir Şükürov isə "Karşıyaka"nın start heyətində "Boluspor"la səfər matçında meydana çıxıb. O, sonadək oynadığı qarşılaşmanın 74-cü dəqiqəsində sarı vərəqə alıb. Görüş isə qolsuz tamamlanıb.
Bu nəticələrdən sonra "Karşıyaka" və "Elazığspor" 22 xalla 6-7-ci yerləri bölüşdürür, "Qaziantep BB" 19 xalla 10-cu, "Dənizlispor" 17 xalla 14-cü, "Manisaspor" isə 14 xalla 17-ci pillədə qərarlaşıb.
Türkiyə I Liqası
27 dekabr
"Kayserispor” – "Elazığspor” 1:0
28 dekabr
13:30. "Dənizlispor” – "Qazientep BB” 0:0
18:30. "Altınordu” – "Manisaspor” - 1:0
20:30. "Boluspor" – "Karşıyaka" - 0:0