Qida məhsulları istehsalçısı olan "Azərsun Holdinq" və "Bazarstore" supermarketlər şəbəkəsi Bakı 2015 I Avropa Oyunlarının rəsmi dəstəkçiləri elan olunub. Sportnet.az-ın məlumatına görə, bununla əlaqədar "Fairmont" otelində "Bakı 2015" Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimovla şirkət rəsmiləri arasında müqavilə bağlanılıb.
Anlaşmaya əsasən, hər iki şirkət ictimaiyyətin məlumatlandırılma səviyyəsini yüksəltməklə və Oyunlara marağı artırmaqla "Bakı 2015" brendinin daha yüksək səviyyədə təbliğatına xidmət edəcək. Bu tədbirin rəsmi dəstəkçiləri kimi "Azərsun Holdinq" və "Bazarstore" Oyunlara qədər hazırlıq dövründə və Oyunlar müddətində eksklüziv marketinq fəaliyyəti imkanlarından faydalanacaq. "Azərsun Holdinq" özünün "Azərçay" brendi vasitəsilə "Bakı 2015" Avropa Oyunlarının rəsmi çay tədarükçüsü, həmçinin rəsmi çay məhsullarının təchizatçısı olacaq. Holdinq "Bakı 2015"in loqosundan yararlanmaq, marketinq və təbliğat fəaliyyətində "Bakı 2015" brendini kompleks şəkildə əks etdirmək hüququna malikdir. Həmçinin "Azərçay" məhsullarının qutu və qabları üzərində I Avropa Oyunlarının loqosu əks olunacaq və Oyunların başlanmasına qədər televiziya reklamlarında "Bakı 2015"in brendi nümayiş etdiriləcək.
"Bazarstore" isə əhaliyə satış məqsədilə "Bakı 2015"in bütün rəsmi merçendayzinq məhsullarını istehsal etmək hüquqlarına malikdir. Supermarketlər şəbəkəsi bu məhsulları özünün əsas mağazalarında, bir sıra müvəqqəti satış mərkəzlərində və Heydər Əliyev adına Beynəlxalq Hava Limanındakı ticarət obyektlərində həyata keçirəcək. "Bakı 2015" brendi Azərbaycan ərazisindəki bütün "Bazarstore" mağazalarında, şirkətin nəqliyyat vasitələri üzərində, mağazadaxili reklamlarında, işçilərin formalarında və müştərilər üçün bazar kisələrində, eləcə də reklam lövhələrində nümayiş etdiriləcək.
Qeyd edək ki, bu müqavilədən sonra "Bazarstore" və "Azərsun" "McDonalds Azərbaycan", "Milla", "Motorola Solutions", "Sitecore" və "Tickethour" şirkətlərinə qoşulmaları ilə "Bakı 2015" Avropa Oyunlarının 7 rəsmi dəstəkçisi olub. Bundan əlavə, Azərbaycan Hava Yolları, BP, "Coca Cola", "Nar Mobile", P@G, ARDNŞ və "Tissot" daxil olmaqla, "Bakı 2015"in rəsmi tərəfdaşı var.
"Bakı 2015" Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimovla şirkət rəsmiləri arasında müqavilə bağlanılıb.