Bu gün İspaniya çempionatında "Real Madrid"lə qarşılaşacaq "Atletiko Madrid" meydanda yeni forma yazısı ilə çıxacaq. Sportnet.az-ın məlumatına görə, önündə "Azerbaijan Land of Fire" yazılan formalarda "Baku 2015" əks olunacaq.
"Bakı-2015"lə Madrid klubu arasında imzalanmış müqaviləyə əsasən komanda həm ölkə çempionatı, həm də Çempionlar Liqasının oyunlarında önündə "Bakı 2015" yazılan forma ilə çıxış edəcək.
"Atletiko Madrid"in Baş İcraçı Direktoru Migel Anxel Gil Marin bundan oyunçuların böyük qürur hissi duyduğunu deyib: "Oyunçularımız bu gündən etibarən mövsümün sonunadək böyük qürur hissi ilə Bakı 2015 loqotipli formalarını geyinəcəklər. İlk Avropa Oyunları qitənin idman sahəsindəki inkişafında irəliyə atılan böyük bir addımdır və biz İspaniya və Avropanın lider futbol klublarından biri olaraq bu Oyunları təbliğ etməkdən olduqca məmnunuq”.
Bakı 2015-in kommersiya direktoru Çarli Viceratna isə bu əməkdaşlığın I Avropa Oyunları haqqında məlumatlılığın, brendin dəyərinin və yaradılan təkanın artırılmasının innovativ yolu olduğunu vurğulayıb.