17 fevral saat 17:00-da İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı və "Kolizey İnşaat"ın baş sponsorluğu ilə keçirilmiş "FUTPROQNOZ" yarışmasının qalibləri mükafatlandırılacaq. Mərasim "Kolizey İnşaat"ın Binəqədi mağazasında (Ekologiya postu ilə üz-üzə "Eurohome" ticarət mərkəzi) təşkil olunacaq.
Tədbir zamanı qalib - "Xəzər Lənkəran" klubunun futbolçusu Ağabala Ramazanov, ikinci yerin sahibi - FİFA referisi Əliyar Ağayev və 3-cü yeri tutmuş jurnalist - apasport.az saytının əməkdaşı Tahir Hümmətova qiymətli hədiyyələr veriləcək.
Eyni zamanda Çempionlar Liqasının "pley-off" mərhələsinin başlaması münasibətilə tədbirin qonaqları arasında keçirilməyə başlayacaq "Çempion" adlı yarışmanın püşkatması nəzərdə tutulub.
Tədbir iştirakçıları "Kolizey İnşaat"ın gördüyü işlər, yeni kampaniyaları barədə məlumatlandırılacaq, onlara xatirə hədiyyətləri təqdim olunacaq.
Qonaqları sürpriz də gözləyir.
Qeyd edək ki, Braziliyadakı futbol üzrə dünya çempionatı ilə əlaqədar təşkil olunmuş "FUTPROQNOZ yarışmasına 2014-cü il iyunun 12-də start verilib. Mundial boyunca davam etmiş layihənin informasiya dəstəyi Sportnet.az, baş sponsoru Kolizey İnşaat olub. Yarışmaya dünya çempionatının iştirakçı sayı qədər - 32 şəxs qatılıb. Onlar futbol veteranları (5 nəfər), hakimlər (4 nəfər), media mənsubları (13 nəfər), futbolçular (4 nəfər) və futbol funksionerləri (6 nəfər) olub. Hər kateqoriyaya mənsub iştirakçılar qitələr üzrə DÇ-2014-də FİFA-nın ayırdığı kvotaya uyğun bölünüb. Püşk nəticəsində qrup mərhələsində hər bir şəxsə bir yığma komanda təhkim olunub. Yarışma iştirakçısı öz milli komandasının qrup mərhələsində keçirdiyi oyunlara konkret proqnoz verib, daha dəqiqi, hesabı deyib. Qrup mərhələsi oyunlarının nəticələrinə uyğun olaraq, hər qrupdan ilk 2 pilləni tutmuş iştirakçılar növbəti mərhələyə vəsiqə əldə edib. FUTPROQNOZ-a dünya çempionatının final qarşılaşması başa çatdıqdan sonra yekun vurulub və ilk 3 pillənin sahibi mükafatlar nəzərdə tutulub.