Bir müddət Azərbaycanda "Turan"ın (indiki "Turan Tovuz") baş məşqçisi olan Naci Şenyos Türkiyənin "Gənclərbirliyi" klubu ilə yollarını ayırıb. Sportnet.az-ın məlumatına görə, bu barədə türkiyəli mütəxəssis rəsmi "Facebook" hesabından xəbər yayıb.
Super Liqanın 3-cü turundan sonra köməkçi məşqçi təyin olunan Şensoy 4 xalla təhvil aldıqları komandanın aktivində hazırda 22 xal olduğunu bildirib. Cari mövsümün ilk dövrəsində uğurlu çıxış etdiklərini deyən 57 yaşlı məşqçi qış fasiləsindən sonra uğursuzluqların olduğunu yazıb: "Çoxlu zədələrimiz oldu və verilən vərəqələr də heyətdə problemlər yaratdı. "Beşiktaş" və "Trabzonspor"un məğlub olduğu kubok yarışında yarımfinala qədər irəlilədik. Bizə dəstək verən və inanan dəyərli azarkeşlərimizə təşəkkürümü bildirirəm. "Gənclərbirliyi"nə qarşıdakı oyunlarda uğurlar arzu edirəm".
Qeyd edək ki, Naci Şensoy baş məşqçi İrfan Buzla bərabər istefaya göndərilib. Buzu bu postda Məsut Bakkal əvəzləyib.