
Azərbaycanın "Lokomotiv" voleybol klubunun baş meneceri Orxan Hüseynzadənin Sportnet.az-a müsahibəsi
- "Lokomotiv" "Azəryol"a son oyunda böyükhesabla (0:3) məğlub oldu. Bunu nə ilə əlaqələndirirsiniz?
- Biz "Azəryol"la oyun keçirmişdik və qələbə qazanmışdıq. Bu dəfə alınmadı. Bunun səbəbini də baş məşqçi daha yaxşı bilər. Hər halda qızlarımız toparlanıb qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcək.
- "İqtisadçı" mübarizəni dayandırdı. "Azəryol" isə artıq ikinci pilləyə yüksəldi. "Lokomotiv" 3-cü pillədə qərarlaşıb. Çempionlar Liqası uğrunda mübarizə çətinləşir...
- Bilirsiniz, 4-cü dövrədən sonra turnir cədvəlinin ilk 4 pilləsində yer alan komandalar yarımfinal və final mərhələsində iştirak edəcək. Reqlamentə görə 1-ci və 3-cü, 2-ci və 4-cü yerlər qarşılaşacaq. Bu oyunlarda qalib gələn finala çıxacaq və qalib müəyyən olunacaq.
- Hazırkı baş məşqçisinin işindən razısınız?
- Ötən illə müqayisədə razıyıq. Keçən il uğursuz çıxış etdik. Bu səhvləri boşluqları görüb, nəticə çıxartdıq. Hazırda komandanın çıxışını uğurlu hesab edirəm. Hazırkı başç məşqçi komandada yaxşı atmosfer yaradıb. İdmanda udmaq da, uduzmaqda var və bu normaldır. Ötən illə müqayisədə fərq çoxdur.
- Çempionatda legioner və yerli voleybolçuların limiti tətbiq olunur. Bu çempionatın gedişinə necə təsir edir?
- Taktiki olaraq gözəl qərardır. Yerli voleybolçuların üzə çıxarılması baxımından vacib bir addımdır. "Lokomotiv" klubu olaraq bu qərarı alqışlayırıq. Bizim üçün bu limit sıxıntı yaratmır, çünki azərbaycanlı voleybolçuların ən perspektivliləri bizdədir. Ancaq başqa komandalarda deyə bilmərəm.
- Çempionlar Liqasında neçə Azərbaycan klubu iştirak edəcək?
- Bu reqlamentdən asılıdır. "İqtisadçı"nın bağlanması digər klubların, çempionatın gedişini pozdu. Buna Avropa Voleybol Konfederasiyası qərar verməlidir. Mənim fikrimcə, çempion olan komanda bir başa, ikinci yer isə "green card"la gedəcək. Çempionatımızda komanda azlığı buna təsir edir.