Azərbaycan milli komandasının və Rusiyanın "Rubin" klubunun futbolçusu Ruslan Abışov Sportnet.az-ın "Sportşou" rubrikasının qonağı olub. 27 yaşlı müdafiəçi şəxsi həyatı ilə bağlı önəmli açıqlamalar verib...
"Uşaqlar özlərini mənə oxşadırlar"
- Sizcə, özünü Ruslan Abışova bənzədən var?
- Azərbaycanda, yoxsa ümumiyyətlə?
- Hətta xaricdə də?
- Saç düzümünü oxşadanlar var. Ümumiyyətlə, ad çəkməsəm, daha yaxşı olar. Ən çox balaca, gənc uşaqları görmüşəm. Uşaqlıqda biz də özümüzü kiməsə oxşadırdıq.
- Türkiyə vətəndaşlığı olmadığı üçün 15 yaşında ikən qardaş ölkədən geri qayıtmaq məcburiyyətində qalmasaydı, Abışov indi haralarda olardı?
- Türkiyədən yaşım az olduğundan və vətəndaşlıq mənsubiyyətinə görə geri qayıtdım. Məncə, orada qalsaydım, hər şey daha yaxşı ola bilərdi. Amma artıq hər şey keçmişdə qalıb. Keçmişdə olan səhvlərdən daha yaxşı nəticələr çıxarmaq lazımdır.
- Qayıtsaydınız, Türkiyə klublarından hansında oynamaq istərdiniz?
- Mən hər zaman istəmişəm ki, iddialı klublarda çıxış edim. Türkiyənin ilk "6-lıq”da olan klublarından birində, əsasən də "Beşiktaş” da oynamaq istərdim.
"Şeyk bütün günü Ronaldunun yanındadır"
- Kazanla Bakı həyatını necə müqayisə edək?
- Bir futbolçu kimi başqa ölkədə yaşamaq əvvəlcə çox çətin idi. İlk 3-4 ayda çətinlik çəkirdim. Sonradan ailəm yanıma gəldi və hər şey qaydasına düşdü. Amma yenə də dil ilə, mədəniyyətlə, yeməklə, mühitlə bağlı çətinliklər vardı, bir də hava çox soyuq olur orada. Amma Bakı Kazandan çox gözəl şəhərdir.
- Asudə vaxtınızı necə keçirirdiniz?
- Orada ilin 9 ayı demək olar ki, hava çox soyuq olur. Bu səbəbdən, açıq havada gəzmək olmur. Yalnız qapalı məkanlara getmək mümkündür. Mən isə o qədər də qapalı məkanlara meyilli deyiləm, açıq havada olmağı xoşlayıram. Ona görə də çölə çox çıxmırdım, ancaq məşq, ev, bəzən də komanda yoldaşlarımla birgə hansısa restorana gedirdik. Boş vaxtlarımı belə keçirirdim.
- Qapalı məkan demişkən, Kazan və Bakı diskotekaları arasında hansı fərqlər var?
- Əlbəttə, Rusiya kimi ölkədə gecə klubları tamam fərqlidir. Orada gecə klubuna getdinsə, bizdəki kimi pis yerə yozulmur. Futbolçular hətta həyat yoldaşları ilə birgə gecə klublarına əylənməyə gedirlər. Yəni, orada gecə həyatı çox fərqlidir. Məsələn, bizdə gecə klublarına getdikdə ancaq oğlanları görürsən. Gözləmirdim, amma Kazanda təhlükəsizlik çox yüksək səviyyədədir. Gecə istənilən vaxt küçəyə çıxsan, heç kim sənə heç bir problem yarada bilməz. Amma mən gecə həyatına meyilli deyildim.
- Kazanda yəqin ki gözəl qızlar çoxdur...
- İrina Şeyk elə onların başçısıdır.
- Rastlaşmısınız onunla?
- Yox. Orda olmur ki... Bütün günü Ronaldonun yanındadır. Kazanda elə oğlandan çox qız var. Şəhərdə hara gedirdin, qız görürdün. Bu da normaldır. Mən də hamı kimi, gəncəm, cavanam, futbolçuyam. Elə bir həyata o qədər də meylli deyiləm. Amma futbolçularla oturanda normal olur da. Kampaniyalar olurdu ki, hamı birgə oturanda hərənin öz rəfiqəsi olur. Amma qız dostlarımız olurdu.
- Daha dəqiq sual verək, rus və ya tatar gəlin gözləyək?
- Mümkün deyil! Mümkünsüz bir şeydir.
"Kazandakı azərbaycanlılardan heç biri mənə dəstək olmadı"
- Məlum məsələdir ki, son vaxtlar, Rusiyada azərbaycanlılara qarşı müəyyən təzyiqlər olur. Niyə oradakılar azərbaycanlıları daha çox alverçi, ticarətçi kimi tanıyırlar?
- Mən özüm də getdim-gördüm. Bizim çox insanlar yaxşı mənada bazarda işləyirlər. Doğrudan elədir: hara baxırdın satıcıların əksəriyyəti azərbaycanlılar idi. Məncə, o səbəbdən. Həm də Azərbaycanı o qədər də futbol ölkəsi kimi yox, satıcı, alver işlərinə baxan kimi tanıyırdılar. Mən "Rubin”də oynadığım vaxtda bir azərbaycanlı bir dəfə də olsun əlində bayraq gəlib dəstək olmadı ki, orada həmyerlimizin yaşadığı hiss olunsun. Bir bayraq nə idi ki... Halbuki "Rubin"də gürcü də oynayırdı. Komandamızın oyunları vaxtı Gürcüstan bayrağı açılırdı.
- Bəs azarkeşlər arasında həmvətəninizi görmədikdə, bu, Sizə necə təsir edir?
- Bir insan ən azından öz həmvətənini görəndə daha çox həvəslənir. Əsas da qürbət ölkədə həmvətənini görürsənsə, bu, səni daha da çox həvəsləndirir. Əlbəttə, mən də çox istərdim ki, ən azı oynadığım matçlarda hər hansı azərbaycanlını və ya Azərbaycan bayrağını görüm. Amma yəqin ki bu, bizim oradakı azərbaycanlıların futbola marağının olmamasındandır. Ola bilsin, işlə əlaqədar başları çox qarışıq olur. Məncə, bununla bağlıdır.
"Bəhram Bağırzadə ad çəksin"
- Şoumen Bəhram Bağırzadənin Sportnet.az-a müsahibəsində neftçilərlə futbolçuları müqayisə etməsi bəzi futbolçularımız tərəfindən qınaqla qarşılandı, bəziləri isə susdu. Bu mövzuda siz nə deyə bilərsiniz?
- Onunla yaxşı münasibətlərimiz var. Məni görəndə özümə də deyə bilər. Mən də o fikrə heç bir münasibət bildirmək istəmirəm. Bu, onun şəxsi fikridir.
- Heç kim özünə götürmür, hamı "Onunla münasibətimiz yaxşıdır" deyir. Elə isə Bağırzadə layiq olmadığı pulları qazanan futbolçular dedikdə kimi nəzərdə tutur?
- Nə bilim? Bunu şəxsən özündən soruşmaq lazımdır ki, ad çəksin.
"Sevda Yəhyayeva ilə klipim bir günə çəkildi"
- Gələk, klip məsələsinə. Sevda Yahyayeva ilə tərəf müqabili olduğunuz klip ölkəyə səs saldı. İndi necə, yeni təkliflər varmı?
- Doğrudur, uğurlu alındı. Yaxşı klip ərsəyə gəlmişdi. Həm mənim, həm də Sevda üçün də maraqlı bir iş idi. Amma hazırda gündəmdə elə bir məsələ yoxdur.
- Sevda xanım müsahibəsində demişdi ki, həmin klip Ruslanın tanınmasında rol oynadı...
- Futbol aləmində Sevdanı yaxşı tanıdılar, şou-biznes aləmində isə məni.
- Şou-biznes ailəmində tanınmaq istəyirdiniz?
- Yox, tanınmaq dedikdə, mənim şou-bizneslə nə əlaqəm var? Müğənni deyiləm, oxuyan deyiləm ki, futbolu bitirdikdən sonra gedib müğənnilik edim, bir az tanınım.
- Klip üçün nə qədər qonorar almışdınız?
- Hər şeyin səbəbkarı qardaşım Sərxandır. Sırf dostluq münasibətləri üzərində qurulduğu, həm də ilk layihə olduğu üçün təmənnasız oldu. Əvvəlcə Sərxana müraciət etdilər, mənimlə danışdı, dedi ki, problem yoxdur. Uğurlu bir iş idi.
- Klip nə qədər vaxta ərsəyə gəldi?
- 1 günə - səhərdən axşama kimi çəkildik. Sonra mən komandaya qoşuldum.
- Aktyorluq çətindir, yoxsa 90 dəqiqə qaçmaq?
- Əlbəttə, 90 dəqiqə qaçmaq daha çətindir. Amma məncə, aktyorluq etməyin özü böyük istedad tələb edir. Şəxsən mən aktyorluğu bacarmıram. Məncə, aktyorlar da futbolu bacarmaz.
- Klip xanım azarkeşləri qısqandırdımı?
- Xanım azarkeşlərim demək olar ki çoxdur. Sağ olsunlar, hər birinə təşəkkürümü bildirirəm. Kimisi qısqanır, kimisi yaxşı baxır. Hər kəs azaddır, hərə öz fikrini normal şəkildə bildirə bilər. Burada problemli bir şey yoxdur.
"Telefon nömrələrimi tez-tez dəyişirəm"
- Xanım azarkeşlərdən zənglər, SMS-lər gəlir?
- Açığı, tez-tez dəyişdiyim üçün ola bilər, köhnə nömrələrimə çox gəlib. Tez yayıldığından, çox nömrə dəyişirəm.
- Həmin nömrələri neyləyirsiniz?
- Qırıb atıram. Hamısı öz adıma olduğundan, istədiyim vaxt bərpa etdirə bilirəm. Həmin nömrələrin çoxunu mənə pay verirlər, gedib axtarıb seçmirəm ki, bu nömrəni götürüm.
- Hansı müğənnilər və ya ifalar Ruslan Abışovu düşünməyə vadar edir?
- Beynimdə elə bir ad yoxdur ki, deyim. Konkret ad çəkə bilməyəcəyəm. Açığı, yaxşı mahnıların hamısına qulaq asanda düşündürür.
- Müğənni Xatun saytımıza bildirib ki, istəyirəm Pike Şakiranın yox, mənim ərim olsun. Bəs Ruslan Abışov hansı müğənninin ona həyat yoldaşı olmasını istərdi?
- Yox e, mənim müğənni ilə işim yoxdur.
Sevinc XANQIZI