
Bakıda keçirilən cüdo üzrə "Böyük dəbilqə" turnirində Azərbaycan milli komandası daha bir medalı təmin edib. Sportnet.az-ın məlumatına görə, bu, 73 kq çəki dərəcəsində yer alan Rüstəm Orucovdur.
Orucov Kosovo, Fransa və Rusiya təmsilçilərini yendikdən sonra yarımfinalda Macarıstanı təmsil edən 3 qat Avropa çempionu, dünya və olimpiya mükafatçısı Mikloş Unqvarini 35 saniyəyə ipponla yenərək, finala yüksəlib. Həlledici görüşdə onun rəqibi monqolustanlı Nyam-Oçir Sainyarqal olub. Gərgin keçən qarşılaşmanın taleyini şido xalları həll edib. Orucov rəqibindən az - 2 dəfə cərimələndiyi üçün qalib elan olunaraq, qızıl medala yiyələnib.
Qeyd edək ki, "Böyük dəbilqə"nin ilk günündə Azərbaycanın daha bir cüdoçusu Nicat Şıxəlizadə qızıl medal qazanıb.