Avstriyada "İnter"in təlim-məşq toplantısını izləyən klub prezidenti Georgi Nikolov komandanın hazırlıq prosesi, Avropa Liqasına hazırlığı və digər məsələlərdən danışıb. Sportnet.az Nikolovun klubun saytına verdiyi müsahibəni təqdim edir:
- İlk növbədə, bura səfərinizin məqsədini bilmək istərdik...
- Səfərimdə məqsəd bizə təqdim olunan şəraitlə tanış olmaqdır. Məşq prosesi, komandanın vəziyyəti və digər məsələlərlə tanış olmaq istəyirəm. Burada şərait çox yüksək səviyyədədir. Sirr deyil ki, "İnter" səviyyəsində komanda üçün elə "İnter" səviyyəsində şərait də olmalıdır. Yəni, komanda nə qədər güclüdürsə, şərait də o qədər yaxşıdır. Əlbəttə bir neçə kiçik irad da var. Təşkilatçılar burada qalma şəraitini yüksəltməyə çalışırlar. Bu baxımdan, razı olduğumu deyə bilərəm. Bugünkü məşqimiz zamanı əhval-ruhiyyənin əla gördüm. Fikrimcə, baş məşqçimiz Kaxaber Tsxadadzenin komandaya verdiyi tapşırıqlar yerinə yetirilir. Arzum da budur və görürəm ki, proses komandamızın Avropa Liqasındakı elə ilk oyununa ən yaxşı vəziyyətdə hazırlamağa doğru gedir.
- Mövsümlərarası dövrdə "İnter"i bir neçə futbolçu tərk etdi və dərhal onların yerinə yeni oyunçular aldı. Yeni forvardın da gəlişi gözlənilir. Ümumiyyətlə, transfer çalışmaları nə yerdədir?
- Yaxşı haldır ki, ötənilki uğursuzluqlarımız bizə dərs oldu. İnsan öz səhvləri ilə öyrənir. Mən çox razıyam ki, bu il bizdə "silkələnmə" az oldu. Ötən il "İnter"i komandanın yarısı tərk etmişdi. Bu il isə skelet - əsas komanda saxlanıldı. Bir neçə yeni oyunçu da alındı. Hücumçu məsələsinin hələ də həllini tapmaması məni narahat edir. Amma belə davam etsə, fikrimcə, Avroliqanın ilk mərhələlərinə bu cür vəziyyətdə getməyimiz piyada səhvi buraxmaqdan daha yaxşıdır.
- Omar Kossoko ilə bağlı əhvalatdan hamımız xəbərdarıq. Onunla danışıqların pozulmasına səbəb nə oldu?
- (gülür) Heç özüm də bilmirəm ki, nədən belə oldu? Onun çalışdığı agentlik bizimlə əlaqə saxladı. Biz ilkin şərtlərimizi təklif etdik. Həmin vaxt hələ aprelin sonları idi. Onlar razılaşmadılar və öz şərtlərini irəli sürdülər. Ölçüb-biçdim və gördüm ki, bu şərtlər bizim maliyyə çərçivəsinə çıxır. Ona görə də qeyd-şərtsiz razılığımızı verdik. Məşqçilər heyətini də bu barədə məlumatlandırdım. Kossoko Türkiyə toplanışımızın sonunadək gəlməli idi. Amma görünmədi. Sonradan, açığı, səbrik tükəndi. Baş məşqçimizə tövsiyə etdim ki, bu hücumçu Avstriya toplanışımızadək gəlməsə, ona ümid etməsin. Çünki qeyri-düzgünlük və qeyri-dəqiqlik görürdüm. Bu zaman Kossokonun Bolqarıstan "Liteks"i ilə müqavilə bağladığını oxudum. Bununla da məsələ bitdi. Mənim üçün problem yoxdur. O, öz yolunu seçib. Öz klubuna qarşı gələcəkdə də belə hərəkət etsə, işləri yaxşı getməyəcək. Mən onunla işləyənlərə ehtiyatlı olmağı məsləhət gördüm. Kossokoya isə uğurlar arzulayıram.
- Yoxlama oyunlarında "İnter" necə çıxış etməlidir ki, Avroliqa qarşılaşmalarınadək daha yaxşı vəziyyətdə olsun?
- İlk növbədə, komanda son 2 həftədə topladığı yaxşı fiziki kondisiyanı nümayiş etdirməlidir. Sonra bütün xətlər, müdafiə və hücum fazaları arasında yaxşı sinxronizasiya ortaya qoymalıdır. Oyunçularımızın imkanları sınaqdan çıxarılmalıdır. Yoxlama matçları təlim xarakterli olacaq. Nəyə qadir olduğumuzu qarşıdakı yoxlama matçlarında yox, iyulun 3-də keçirəcəyimiz Avroliqanın I təsnifat mərhələsinin ilk oyununda ortaya qoymalıyıq.
- Avroliqanın püşkatmasında hansı komandanın "İnter"ə rəqib olmasını istərdiniz?
- Zarafatca desəm, "Santos"un. Amma Braziliya yox, Estoniya "Santos"unun. Hətta ola bilsin, Cəbəllüttariq "Kollec"inin. Amma tale bizimlə elə pis zarafat edir ki, fikrimcə, bizə ən çətin rəqib düşəcək. Kim olursa-olsun, hamısına qarşı lazımi hörmətlə, diqqətlə, konsentrasiya ilə yanaşmaq lazımdır ki, ilk raundun nəticəsi müsbət olsun. Amma ciddi desək, Baltikyanı ölkələrin komandaları ilə oyunlarda yaxşı təcrübəmiz var. Bu ölkələrdən olan dostlarımızla ilk raundda mübarizə apara bilərik. O cümlədən, Estoniya "Santos"u ilə də.
- Bəs klub rəhbərliyi "İnter" qarşısında hansı vəzifəni qoyub?
- Bu, artıq ciddi sualdır. Hər mövsüm qrup mərhələsinə az qala yaxınlaşırıq və adətən, bizə nə isə mane olur. Mən belə cavabı üstün tutardım: Biz hər oyunda, hər raundda mübarizə aparacaq, nə lazımdırsa, edəcəyik. Qoy, nə olmalıdırsa, o da baş versin.
- Builki avrokuboklar "İnter" üçün həm də onunla əlamətdar olacaq ki, komanda ilk dəfə ev oyununu "Şəfa" stadionunda keçirəcək. Necə düşünürsünüz: Bu amil komandaya kömək edəcəkmi?
- Vətənim Bolqarıstanda belə deyirlər: "Evdə divarlar kömək edir". AFFA və UEFA-nın bütün tələb və tövsiyələrini nəzərdən keçirmiş və bütün məsələləri həll etmişik. Ümidvaram ki, "Şəfa" stadionu növbəti mövsümdən "İnter Arena" adlanacaq. Stadionumuzun FİFA-nın bütün tələblərinə cavab verdiyinə əminəm. Orada oyunlarımızın keçirilməməsi üçün səbəb yoxdur və bu, çox güclü amil olacaq. Bütün komanda bu stadionda oynamağa adət edib, hər bir millimetrini tanıyır. Bütün infrastruktur onlara tanışdır. Fikrimcə, bu stadionda yaxşı futbol oyunu alınacaq. Sonda "İnter"ə yaxşı oyun, uğur və müvəffəqiyyətlər, bir sözlə, hamıya xoş olan şeylər arzulayıram.
1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |