Fransanın PSJ klubunun futbolçusu Zlatan İbrahimoviç 4 oyunluq cəzalandırılıb. Sportnet.az-ın məlumatına görə, buna isveçli hücumçunun Fransa çempionatının XXIX turunda "Bordo"ya 2:3 hesablı məğlubiyyətlə bitən oyundan sonra səsləndirdiyi ifadələr səbəb olub.
İbrahimoviç paltardəyişmə otağına yollanarkən, "Canal+"ə deyib: "Zibilə dönmüş ölkədə belə dəhşətli hakimliyi 15 il ərzində heç bir yerdə görməmişəm. Bu ölkə PSJ-yə layiq deyil". Sonradan o, sözlərini emosiyalar altında səsləndirdiyini bildirərək, üzr istəyib. Təcrübəli forvard qeyd edib ki, açıqlamaları futboldan başqa heç nə ilə əlaqəli deyil. Bununla yanaşı, İbrahimoviç hakimin elementar qaydalara əməl etmədiyini gördükdə susmasının çətin olduğunu əlavə edib.
Xatırladaq ki, Zlatan İbrahimoviç "Bordo" ilə matçda "dubl" etsə də, komandası məğlubiyyətdən qurtula bilməyib. Hazırda PSJ 62 xalla liderdir.