
“Uzun müddətdir ki, bu turnirə hazırlaşırdım. Sonuncu dəfə 21 il qabaq Azərbaycan çempionatında iştirak etmişdim".
Sportnet.az xəbər verir ki, bu sözləri Şəhriyar Məmmədyarov şahmat üzrə Azərbaycan çempionatının bağlanış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Turnirin finalında Rauf Məmmədova uduzaraq, gümüş medal qazanan 40 yaşlı şahmatçı yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib: "İlk növbədə, qeyd edim ki, çempionat çox maraqlı keçdi. Federasiyamıza və onun prezidenti Mahir Məmmədova təşəkkür edirəm ki, belə bir yarış təşkil ediblər. Bundan sonra isə əsas işimiz beynəlxalq turnirlərdə Azərbaycanı yetərincə yaxşı təmsil etməkdir".
Qrossmeyster öz oyunundan razı qaldığını bildirib: "Turnirdəki çıxışımı uğurlu sayıram. Çünki altı oyun dalbadal qalib gəldim, iki oyunda isə heç-heçə oldu. Bu uğur sayəsində dünya sıralamasında yeddi-səkkiz pillə irəlilədim. Mən özümü bu yarışın çempionu hesab edirəm. Nəticəmin çox yaxşı olduğunu düşünürəm. Bəzən olur ki, birinci yerə çıxırsan, ancaq oyunundan razı qalmırsan. Burada isə öz çıxışımdan çox razı qaldım. Sevinirəm ki, hələ də Azərbaycanın ən güclü gəncləri ilə mübarizə apara bilirəm".
Məmmədov finalda uduzduğu Rauf Məmmədovun da oyununu dəyərləndirib: "Rauf bu turnirə yaxşı hazırlaşmışdı. Atasını itirdiyi üçün son bir il Rauf üçün çox çətin keçib. İnanıram ki, bu qalibiyyət ona əlavə motivasiya verəcək. Raufu təbrik edirəm, çünki bu turnirdə çempion olmağa layiq şahmatçı idi".
Qeyd edək ki, Şəhriyar Məmmədyarov Azərbaycan çempionatının finalında tay-breykdə Rauf Məmmədova uduzub.