
Gəncədə III MDB Oyunlarına dəstək məqsədilə Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığıyla "Gəncənin şahmat ulduzları" adlanan yoldaşlıq matçı təşkil edib.
Bu barədə Sportnet.az-a federasiyadan məlumat verilib.
Heydər Əliyev Park-Kompleksində baş tutan tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov iştirakçılara uğurlar arzulayıb.
Yoldaşlıq oyununda şahmatçılar hər komandada iki nəfər təmsil olunmaqla duet şəklində mübarizə aparıb. İki partiyadan ibarət yarışda Ülviyyə Fətəliyeva - Qədir Hüseynov dueti İlahə Qədimova - Vüqar Rəsulov cütlüyünə qalib gəlib 1,5:0,5.
Yoldaşlıq matçından sonra şahmat ulduzları, eləcə də qadın şahmatçılardan ibarət Azərbaycan millisinin üzvləri Gəncənin istedadlı yeniyetmə və gənclərinə seans keçiriblər.