Onlayn formada keçirilən blits şahmat üzrə “Airthings Masters” turnirində yarımfinal mərhələsinin ikinci görüşləri keçirilib.
Sportnet.az xəbər verir ki, ilk oyunda rusiyalı qrossmeyster Daniil Dubova 3:1 hesabı ilə qalib gələn azərbaycanlı qrossmeyster Teymur Rəcəbov yenə qələbəyə sevinib. Dörd partiyadan ibarət olan matçın ilk iki partiyasında Rəcəbov qələbə qazandığından, son iki oyuna ehtiyac qalmayıb.
Bununla da rəqibini 2:0 hesabı ilə məğlub edən qrossmeysterimiz finala adlayıb.
Həlledici mərhələdə onun rəqibi fransalı Maksim Vaşe Laqrevə hər iki matçda qalib gələn (3:1, 2:1) Ermənistan şahmatçısı Levon Aronyan olacaq.
Qeyd edək ki, turnir yanvarın 3-də yekunlaşacaq.
----------------------
Onlayn formatda blits şahmat üzrə “Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu gün növbəti görüşünü keçirəcək.
Sportnet.az-ın məlumatına görə, 33 yaşlı qrossmeyster yarımfinalda ikinci dəfə rusiyalı həmkarı Daniil Dubovla üz-üzə gələcək. İlk dueldə rəqibinə 3:1 hesabı ilə qalib gələn Rəcəbovu finala çıxmaq üçün heç-heçə də qane edəcək.
Digər yarımfinal görüşündə Ermənistan təmsilçisi Levon Aronyanla Maksim Vaşye-Laqrav qarşılaşacaq. Aronyan da bu mərhələnin ilk qarşılaşmasında rəqibini eyni hesabla məğlub edib.
Beləliklə, bugünkü nəticələrdən sonra finalda Azərbaycan - Ermənistan dueli baş tuta bilər.
Qeyd edək ki, turnirə yanvarın 3-də yekun vurulacaq. Mükafat fondu 200 000 min ABŞ dolları olan yarışın qalibi 60 000 ABŞ dolları qazanacaq.