İddiaçılar Turnirinin qalibi olan rusiyalı şahmatçı Yan Nepomnyaşi dünya şahmat tacı uğrunda görüşdə öz ölkəsinin bayrağı altında çıxış edə bilməyəcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Marketinq və kommunikasiyalar üzrə direktoru Devid Layada açıqlama verib.
O bildirib ki, Nepomnyaşi norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşmasına "neytral oyunçu" statusu ilə çıxacaq. Oyun zamanı Rusiya Federasiyasının simvolları - bayraq, gerb və himn olmayacaq.
Qeyd edək ki, Ümumdünya Antidopinq Agentliyi Rusiya idmançılarının Olimpiya Oyunları və dünya çempionatlarında, habelə, dünya çempionluğu uğrunda matçlarda iştiraklarına qadağa qoyub. Maqnus Karlsen - Yan Nepomnyaşi görüşü 24 noyabr - 16 dekabrda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilməlidir.