"Zeynəb Məmmədyarovanın təşkilatçılığı və federasiyanın dəstəyi ilə belə bir məktəb açılıb".
Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının prezidenti və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov “Məmmədyarovlar” şahmat məktəbi barədə danışarkən deyib.
O bildirib ki, "Altus Plaza"da yerləşən məktəbin 3 tədris sinfi var: "Orada onlarla gənc oğlan və qız şahmatla məşğul olur. Bugünkü açılışda gənclər və idman naziri Fərid Qayıbov da iştirak etdi. Sağ olsun. Şahmatçılarla tanış oldu, uzun müddət söhbət etdi".
Məmmədovun sözlərinə görə, Niderlandın Veyk-an-Zeye şəhərindəki "Tata Steel Chess" turnirindən qayıtmış Şəhriyar Məmmədyarovun da məktəbdə olması yerinə düşüb: "Şəhriyarla gələcək planlar, onun Qran-Pri silsilə turnirlərində işitrakı barədə danışıldı. Şahmatçının hazırlığı, federasiyanın ona dəstəyi və s. məsələlərdən söhbət açıldı".
Federasiya prezidenti fevralın 4-də Naxçıvanda kişi şahmatçılar arasında Azərbaycan çempionatının açılış mərasiminin olacağını söyləyib: "Ayın 5-də isə I turun oyunları keçiriləcək".