Bakıda "Şahmat ulduzları" ("Şaxmatnie zvezdı") adlı beynəlxalq turnir keçirilə bilər.
Sportnet.az-ın məlumatına görə, bu barədə Rusiyanın "Yeni Şahmat" ("Novie şaxmatı") şirkətinin azərbaycanlı rəhbəri Seymur Hüseynov "Sport-Express" nəşrinə müsahibəsində deyib.
O bildirib ki, turnirin Birləşmiş Ərəb Əmirlikləri və Qətərdə də təşkili planlaşdırılır.
"Şahmat ulduzları"nın ilk mərhələsi Rusiyanın paytaxtı Moskvada baş tutacaq. Sentyabrın 29-da start götürəcək turnirdə Azərbaycan şahmatçısı Teymur Rəcəbov da qüvvəsini sınayacaq. Oktyabrın 5-dək davam edəcək yarışda Sergey Karyakin, Vladimir Kramnik, Aleksandr Qrişuk, Vladislav Artemyov, Ernesto İnarkiyev, Aleksandra Qoryaçkina, Yekaterina Laqno (hamısı Rusiya), Fransisko Valyexo (İspaniya) və Raunak Sandvani (Hindistan) də mübarizə aparacaq.
Turnirin ümumi mükafat fondu 14,25 milyon Rusiya rublu (400 000 manat) təşkil edir.