
"Bakıya səfər etmək hər zaman xoşdur".
Teleqraf xəbər verir ki, bunu "Çempionların savaşı" turnirində Azərbaycan çempionu Rauf Məmmədova blits və rapid yarışlarının yekununda uduzan özbəkistanlı şahmatçı Rüstəm Kasımcanov deyib.
46 yaşlı qrossmeyster Bakıda çox olduğunu bildirib: "Burada çoxlu turnirlər, hətta 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadası, Qran prilər keçirilib. 20 il əvvəl burada Şəhriyar Məmmədyarovla nümunəvi oyun keçirmişdik. Bakıdan şahmatla bağlı çoxlu xatirələrim var. Azərbaycanda görkəmli şahmat məktəbi, istedadlı kişi və qadın şahmatçılar var. Bunlar çox alqışalayiqdir".
Beynəlxalq Şahmat Federasiyasının versiyası üzrə dünya çempionu yenidən növbəti Azərbaycan çempionu ilə oynamaqdan məmnunluq ifadə edib.
O, məğlubiyyətə baxmayaraq, dostluğun qalib gəldiyini bildirib: "Rauf Məmmədovla müxtəlif turnirlərdə oynamışdıq, bu dəfə də xeyli maraqlı oldu. Böyük məmnuniyyətlə oynadım. İlk növbədə, Raufu layiqli qələbə münasibətilə təbrik edirəm.
Lakin mənə nəyə görəsə elə gəlir ki, hamı qalib gəldi. Hadisənin özü hamımız üçün böyük qələbədir. Belə dostluq ab-havasında oynamaq çox xoş idi. Dostluq qalib gəldi".
Kasımcanov rapid və blitsin fərqindən də danışıb: "Hamı deyir ki, şahmatçılar oturub uzun müddət düşünürlər. Rapid isə adi şahmatın daha tez versiyasıdır. Çünki şahmatçılara cəmi 10 dəqiqə vaxt verilir.
Bu zaman xeyli çətin qərarlar qəbul olunur, hər şey daha tez baş verir. Blits isə daha tez oynanılan şahmat növüdür. Tərcüməsi almancadan "şimşək" deməkdir. Qərarı da ildırım sürəti ilə qəbul etmək lazım gəlir. Hər bir rəqibin 3 dəqiqə vaxtı olur. Bu zaman kəsiyində çoxlu gediş etmək lazım gəlir. Nəticədə bu oyunu keçirmək və baxmaq daha maraqlıdır".