Tanınmış müğənni Nazim Pişyari (Faytonçu) gənclik illərində məşğul olduğu idman növlərindən danışıb. Sportnet.az-ın qonağı olan sənətçi uşaqlıqdan bir neçə idman növünə maraq göstərdiyini, amma sonda avarçəkməni seçdiyini bildirib.
Nazim deyib: "Mən Sovetlər dövrünün adamıyam. O vaxtlar məhəllələr arası futbol oynayardıq. Futbolu çox sevirəm, həvəsim var. Sadəcə, bu gün yaxşı oyuna qiymət verməyə çalışıram. Azarkeşlik etdiyim klublar olsa da, bəyənmədiyim komandaların da oyunlarına baxıb, yaxşı oyuna qiymət verirəm. Uşaqlıqdan idmana ümumi marağım olub, Seçim arasında qalmışdım: atçılıqla məşğul olum, ya avarçəkmə ilə... Hər iki idman növü mənim üçün çox yaxın idi. Yetkinlik dövrümdə qərar verdim ki, avarçəkmə ilə məşğul olacağam. 7-8 il məşğul oldum. Əslində mən idmanda qalmaq istəyirdim, amma SSRİ dağıldı, şərait olmadı. Bəlkə də Yaxt Klub dağılmazdı, Xəzərdə suyun səviyyəsi qalxdı, dağıldı. Amma indi Yaxt Klub restoran kimi fəaliyyət göstərir, avarçəkməyə heç bir aidiyyatı yoxdur".
Sənətçimiz eyni zamanda yaxşı üzgüçü olduğunu açıqlayıb: "Birinci cəhdimdə hovuzda 3 km üzürəm. Təbii ki, bədənimi qızışdırandan sonra". Nazim vaxtilə avarçəkmənin kanoe növü ilə məşğul olub. Amma nə hansısa yarışda yer tutub, nə də kanoe üzrə 4 qat dünya və 4 qat Avropa çempionumuz Valentin Demyanenkonu tanıyır. Bununla belə, o, dəvət gələrsə, avarçəkmə növlərinin inkişafı üzrə ixtisaslaşmış "Kür" Olimpiya Mərkəzinə getməyə hazır olduğunu bildirib: "Getsəm, ən azı gəncliyim yadıma düşər, yenidən avarı əlimdə tutmaq istəyərəm".