
Rusiyanın paytaxtı Moskvada keçirilən kayak və kanoe üzrə dünya çempionatına yekun vurulub. Sportnet.az-ın məlumatına görə, yarışın son günündə Azərbaycan təmsilçilərindən mübarizəyə əvvəlcə Bezuqlıy - Prokopenko dueti başlayıb.
Onlar 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə B finalında (10 - 18-ci yerlər) çıxış ediblər. Duetimiz finişə 3 dəqiqə 38.918 saniyəyə çataraq, 3-cü, ümumi sıralamada isə 12-ci olub.
Ardından kayakçımız Mirnazim Cavadov 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə B finalında mübarizə aparıb. O, finişə 1 dəqiqə 40,981 saniyəyə çataraq, 4-cü, ümumi sıralamada 13-cü yeri tutub. Cavadov 200 metr məsafəyə yürüşdə isə C finalında yer alıb və 36,020 saniyə nəticə ilə 6-cı, ümumi sıralamada 24-cü yerlə kifayətlənib.
Daha sonra kanoe üzrə 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə B finalında çıxış edib. O, finişə 38,885 saniyəyə çataraq, yürüşün qalibi olub. Nəticədə Demyanenko dünya çempioanatını 10-cu pillədə başa vurub.
Beləliklə, Azərbaycanın kayak və kanoe üzrə milli komandası dünya çempionatını medalsız başa vurub. Yığmamızın ən yüksək nəticəsi isə Sergey Bezuqlıy - Aleksey Kupin duetinin 2 nəfərlik kanoe qayığı ilə 500 metr məsafəyə yürüşdə 4-cü yeri tutması olub.