
Kanoe qayıqlarında avarçəkmə üzrə olimpiya çempionu David Kal karyerasını başa vurub. Sportnet.az-ın "Marca"ya istinadən verdiyi məlumata görə, ispaniyalı kanoeçi bu qərarı 33 yaşında ikən qəbul edib.
O, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya yarışları və "Bakı 2015" I Avropa Oyunları ərəfəsində bu addımı atıb. Beləliklə, Kal karyerasının 5-ci olimpiadasında iştirakdan imtina edib.
Qeyd edək ki, David Kal ilk dəfə 2000-ci il Sidney Yay Olimpiya Oyunlarına ehtiyat kanoeçi kimi yollanıb. O, 2004-cü il Afina olimpiadasında qızıl və gümüş, Pekin-2008-də 2 gümüş, London-2012-də 1 gümüş medal qazanıb. 1 nəfərlik qayıqla 500 metr və 1000 metr məsafələrə yürüşlərdə mübarizə aparmış Kalın aktivində dünya çempionatlarında 1 qızıl, 3 gümüş və 1 bürünc medal da var. I Avropa Oyunlarında kayak və kanoe yarışları Mingəçevirdə keçiriləcək.