
Bu gün Bakı Su İdmanı Sarayının açılışı olub. Sportnet.az-ın məlumatına görə, Prezident İlham Əliyev və xanımı, "Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva açılışda iştirak ediblər.
Dövlət başçısı Su İdmanı Sarayının rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Su İdmanı Sarayında yaradılan şəraitlə tanış olublar. Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı onlara məlumat verib.
Altı hektar ərazisi olan bu nəhəng idman qurğusu yüksək keyfiyyətlə inşa edilib və artıq istifadəyə hazırdır. Paytaxtın Bayıl qəsəbəsində, Bakı Bulvarının yeni salınan hissəsində yerləşən və ümumi sahəsi 72 min kvadratmetr olan Su İdmanı Sarayı Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir.
Sonra Prezident İlham Əliyevə Bakı Su İdmanı Sarayının interyerində həyata keçirilən işlərlə bağlı məlumat verilib. Bildirilib ki, tikintidə ən müasir avadanlıq və inşaat materiallarından istifadə olunub. Sarayda inşaat işlərinin gedişi ilə bir neçə dəfə tanış olan, tikintinin keyfiyyətlə aparılmasını diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, bu nəhəng idman qurğusunun arxitekturası müasir üslubu və gözəlliyi ilə seçilir, şəhərimizdə həyata keçirilən quruculuq işlərinə bir töhfədir. Su İdmanı Sarayında üç hovuz yaradılıb.
Dövlət başçısı yarışların keçiriləcəyi əsas hovuza baxıb. Uzunluğu 50, eni 25, dərinliyi isə 2,5 metr olan hovuz su idmanının müxtəlif növləri üzrə yerli və beynəlxalq səviyyəli yarışlar üçün nəzərdə tutulub. Əsas zaldakı hündürlükdən suya tullanma hovuzunun uzunluğu 25 metrdir. Burada hündürlüyü 1, 3, 5, 7,5 və 10 metr olan beş pilləli suya tullanma platforması inşa edilib. Hovuzlar Beynəlxalq Üzgüçülük Federasiyasının rəsmi tərəfdaşı olan İtaliyanın "Myrtha Pools” şirkəti tərəfindən yaradılıb. Su İdmanı Sarayında yarışları eyni vaxtda 6 mindən çox tamaşaçı izləyə biləcək. Bundan əlavə, sarayda əlil tamaşaçılar, VVIP, VIP və media bölmələri inşa olunub. Diqqətə çatdırılıb ki, binanın dam örtüyünün bir hissəsində "SKY LİGHT” xüsusi panoram şüşə panellərindən istifadə edilib. Bu şüşə panelləri, eyni zamanda, günəş enerjisini elektrik enerjisinə çevirmək funksiyasına malikdir. Buradan əldə edilən elektrik enerjisi sarayın bəzi sahələrinin enerji təminatına yönəldiləcək.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Su İdmanı Sarayının 150 yerlik restoranında yaradılan şəraitlə tanış olublar. Su İdmanı Sarayının binasında Avropa Olimpiya Komitəsinin və Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə uyğun olaraq funksional və köməkçi sahələr yaradılıb. Binada üzgüçülər üçün xüsusi məşq platformaları və avadanlığı quraşdırılan fitnes - akrobatika, ağır atletika zalları mövcuddur. Su İdmanı Sarayının ikinci zalında məşqlər üçün üzgüçülük hovuzu inşa olunub. Hovuzun uzunluğu 51, eni 20 metrdir.
Qeyd edək ki, 12 - 28 iyunda Bakıda keçiriləcək ilk Avropa Oyunlarında 50 ölkənin 6 mindən artıq idmançısı 20 növü üzrə mübarizə aparacaq.