Çexiyanın Raçitse şəhərində kayak və kanoe üzrə Avropa çempionatı davam edir. Sportnet.az-ın məlumatına görə, ikinci yarış günündə Azərbaycan təmsilçilərindən kayakçı İnna Osipenko-Radomskaya sprinter məsafəsinə yürüşdə də əsas finala (Final A) yüksəlib.
O, 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə 41,956 saniyəyə çataraq, seçmə yürüşün qalibi olub. Bu nəticə ilə 33 yaşlı idmançı birbaşa əsas finala vəsiqə qazanıb. Sonrakı yerləri tutan isveçli Linnea Stensils (42,756), macarıstanlı Dora Luç (43,512), belaruslu Nadejda Lyapeşka (43,672), çexiyalı Mixaela Fasnerova (44,304), italiyalı Kristina Petraçça (45,236) və hollandiyalı Eef Haaze (47,252) yarımfinala yüksəlib. Bu gün Bakı vaxtı ilə saat 15:05-də keçiriləcək həlledici yürüşdə Osipenko-Radomskayanın rəqibləri İvana Kmetova (Slovakiya), Tereza Portela (İspaniya), Sara Quyo (Fransa), Nikolina Moldova (Serbiya), Tereza Portela (Portuqaliya) və Linnea Stensils (İsveç) olacaq. Amma kayakçımız daha erkən - saat 12:05-də 500 metr məsafəyə də əsas final yürüşündə çıxış edəcək.
Kişilərin mübarizəsində kayakçı Mirnazim Cavadov 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə seçmə yürüşdə finişə 36.504 saniyəyə çataraq, 4-cü olub. O, isveçli Petter Menninq (35,316), latviyalı Aleksey Rumyantsev (35,472) və Sebastian Juvedən (35,700) geri qalsa da, böyük britaniyalı Kristia Rives (36,792), irlandiyalı Tom Brennan (37,596), moldovalı George Sadovnik (37,960) və kiprli Andreas Diamantisi (38,744) üstələyə bilib. Menninq birbaşa əsas finala, Diamantis istisna olmaqla, qalanları yarımfinala yüksəliblər. Növbəti yürüşdə Cavadov finişə 37,720 saniyəyə çataraq, 5-ci yeri tutub. Qaydalara əsasən, ilk 3 yerin sahibləri - latviyalı Aleksey Rumyantsev (36,072), ispaniyalı Sol Kraviotto (36,392) və Filip Svab (36,728) əsas finala yüksəlib. Təmsilçimiz isə italiyalı Edoardo Kierini (36,888), finlandiyalı Niklas Vettanen (37,832) və irlandiyalı Tom Brennan (37,852) ilə birgə 10 - 18-ci yerlər uğrunda mübarizəyə imkan verən B finalında çıxış edəcək. Əvəzində norveçli Martin Befrinq (38,612) və start xəttinə çıxmayan ukraynalı İqor Trunov yarışdan kənarda qalıb. Bu gün saat 14:46-da keçiriləcək B finalında təmsilçimizin rəqibləri Nils Kruvel (Hollandiya), Niklas Vettanen (Finlandiya), David Heris (Macarıstan), Edoardo Kierrini (İtaliya), Miroslav Zatko (Slovakiya), Kristian Rives (Böyük Britaniya), Tom Brennan (İrlandiya) və Badri Kavelaşvili (Gürcüstan) olacaq.
Osipenko-Radomskaya bu gün saat 14:37-də 1 nəfərlik qayıqla (C-1) 5000 metr məsafəyə də yürüş edəcək. Onun 14 rəqibi olacaq.
Kanoeçi Nikita Sablin isə 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə qüvvəsini sınayıb. O, seçmə yürüşdə 41,288 saniyə nəticə ilə 5-ci yeri tutub. Yürüşün qalibi çexiyalı Martin Fuksa (38,680) birbaşa əsas finala, Sablin isə Azərbaycan millisinin sabiq üzvü, hazırda Rusiya yığmasında çıxış edən Andrey Kraytor (38,800), italiyalı Nikolae Kratsyun (40,152), polşalı Viktor Qlazunov (40,632), macarıstanlı Adam Fekete (42,064) və türkiyəli Kərim Tənha (46,904) ilə birgə yarımfinala çıxıb. Növbəti mərhələdə isə ispaniyalı Alfonso Benavides (39,764), gürcütanlı Zaza Nadiradze (40,596) və fransalı Tomas Simart (40,676) ilk 3 yeri tutaraq, əsas finala yüksəlib. Finişə 42,980 saniyəyə çataraq, 7-ci olan Sablin isə ukraynalı Yuri Çeban (40,740), italiyalı Nikolae Kratsyun (41,196), slovakiyalı Lyubomir Haqara (42,516) və türkiyəli Kərim Tənha (47,460) ilə birgə B finalında çıxış edəcək. Onların bu gün saat 14:40-da keçiriləcək yürüşdə daha 4 rəqibi Adam Fekete (Macarıstan), Viktor Qlazunov (Polşa), Sergey Tarkovxki (Moldova) və Kristofer Kalvert (Böyük Britaniya) olacaq.
Qeyd edək ki, ilk yarış günündə İnna Osipenko-Radomskaya 1 nəfərlik kayak (K-1) qayığı ilə 500 metr məsafəyə yürüşdə əsas finala yüksəlib. Həmin yürüş sabah keçiriləcək.