Srağagün Valentin Qranatkinin xatirəsinə 1997-ci il təvəllüdlü futbolçular arasında keçirilən turnirin Yaponiya - Azərbaycan oyununu "Youtube" vasitəsilə izləyirdim. Arabir də maraq xatirinə online yazılan şərhləri oxuyurdum. Şərhlərin birində yazmışdılar ki, bu nədi, müdafiədə oturmuşuq, belə oyunla biz futbolu inkişaf etdirə bilmərik və s. Mən bu sözləri adi azarkeşin, yoxsa alman məşqçi Nikolay Adama paxıllıq edən işsiz mütəxəssislərimizdən birinin yazdığını deyə bilmərəm. Amma bu şərhi oxuyanda yadıma Azərbaycan - Norveç oyunu və bu qarşılaşmadan sonra millinin məşqçisi Mahmud Qurbanovun sözləri düşdü.
Norveçlə matçda millimiz topla çox davransa da, yalnız bir dəfə qola oxşar epizod yarada bilmişdi. Əvəzində Norveç lazım olan qolu vurmuş və bir xeyli qol imkanını boşa vermişdi. Oyundan sonra Mahmud Qurbanov hücum futbolu oynadıqlarını qabartmış və sonrakı müsahibələrinin birində əlavə etmişdi: "Bizi futboldan başı çıxan adam tənqid etsin".
Təbii ki, jurnalistlər futbol məşqçiləri qədər taktikanı bilmirlər. Amma Qurbanovun bu oyundakı hücum və topla daha çox davranma taktikası şəxsən məndə suallar yaratmışdı. Bu taktikanı baş məşqçinin özünün seçdiyi şübhə doğurmur. Çünki Rəşad Sadıqov da həmin oyundan sonra bildirmişdi ki, baş məşqçi bizdən daha çox topla oynamağı və daha çox hücum etməyi tələb edib.
Oyunda önəmli olan nəticədi, özü də əgər bu, yoldaşlıq oyunu yox, seçmə turnirdirsə. İstər müdafiə olun, istər hücum et, sən burda nəticə əldə etməlisən. Bəli, Foqts müdafiə futbolu oynadırdı. Amma bunun səbəbləri var idi. Gəlin, baxaq.
Görüşdüyümüz əksər Avropa komandalarının, eyni zamanda Norveçin oyunçu potensialı baxımından bizim komandadan öndə olması sirr deyil. Yəni məsələn, rəqibin hücumçusu bizim müdafiəçilərdən fərdi baxımdan güclüdü. Rəqibə qarşı açıq oynanılsa, həmin birə-birdə rəqib bizim oyunçunu udacaq. Bunun üçün nə etmək lazımdı? Həmin birə-bir əvəzinə birə-iki oynatmaq. Yəni onların hücumunun qarşısını müdafiədə çoxalmaqla almaq olar. Buna isə futbolda müdafiəyə qapanma deyilir. Eləcə də bizim hücumçu ustalıq baxımından rəqibin müdafiəçisinə uduzur. Bu zaman hücum futbolu oynamağımızın mənasızlığını siz də başa düşərsiniz. Çünki sən bütün komanda ilə irəli atılsan, rəqib də bütün komanda ilə müdafiə olunacaq. Belədə oyunçusu daha səviyyəli olan rəqib sənə şans verməz. Bunu bilmək üçün PRO oxumağa gərək yoxdu. Rəqibin oyunçu potensialı güclüdürsə, qol vurmaq üçün rəqib müdafiəsini azlıqda tutmaq lazımdı. Bunun üçün də ən effektli vasitə qapanmaq, yəni müdafiə futbolu oynayıb rəqibi əks-hücumda, yəni azlıqda yaxalamaqdı.
Bu, 2+2=4 kimi bir şeydi. Belə hal müharibədə də eyni cürdü. Bir tərəfdə qoşun sayı düşmənə nisbətən nəzərəçarpan dərəcədə azdırsa, həmin tərəf avtomatik zəif sayılır. Zəif tərəfin qoşununun başçısı bunu başa düşürsə, heç vaxt açıq döyüşə girməz, müxtəlif strateji və taktiki üsullardan istifadə edər. Məsələn, dağlara çəkilər və burdan əks həmlələr edir. Çingiz xanın əsas üstünlüyü onun seçdiyi taktikada idi. Onun tapşırığı ilə döyüşçülər bərk qaçan balaca monqol atları ilə döyüşə girir, sonra məğlub görüntüsü yaradaraq, geriyə çaparaq qaçırdılar. Bu, bəzən bir neçə gün davam edirdi. Onları qovan qoşun isə kor-koranə monqolların qorxub qaçdıqlarını zənn edərək, onların "axırına çıxmaq üçün” dallarınca atlarını çapırdılar. Bu zaman səpələnmiş vəziyyətə düşür, yarısı irəlidə, yarısı geridə qalırdılar. Monqollar düşmənlərinin tam dağınıq vəziyyətə düşdüyünə əmin olanda sonra qəfil geri dönüb, bölünmüş və səpələnti halında olan düşməni azlıqda yaxalayıb tar-mar edirdilər. Monqollar bu cür həmlələrlə özlərindən bir neçə dəfə çox olan qoşunu məhv edə bilirdilər.
Bəli, bu, futbolda da belədi. Rəqib güclüdürsə və sən nəticəyə az da olsa ümid edirsənsə, geriyə çəkilib, rəqibi özünə çəkərək əks-hücumlardan istifadə etməlisən. Bu taktikanı orta səviyyəli istənilən məşqçi bilir. Bütün bunları bir jurnalistin bilməməsini hardasa başa düşmək olar, amma bir məşqçinin, özü də milliyə rəhbərlik edən birinin bilməməsi dəhşətdi, faciədi. Bu taktikanı təbii ki, Foqts da bilirdi. Ona görə də müdafiə futbolu oynadırdı. Hətta bəzən əlində güclü heyəti olan məşqçilər də bundan istifadə edir. Məsələn dahi Mourinyo...
Məhz Nikolay Adam da srağagün bu taktikanın hesabına Yaponiyaya qalib gəldi...
RAQİB