
Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev federasiyanın vitse-prezidenti Fərrux Mahmudovla birlikdə ölkədə işgüzar səfərdə olan Latviya Basketbol Assosiasiyasının (LBS) prezidenti Raymonds Veyonis və digər nümayəndələrlə görüşüb.
Milli federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında basketbol üzrə təcrübə mübadiləsi və qarşıdakı planlar müzakirə edilib.
Veyonis ABF-nin uşaq basketbolunun inkişafına dair böyükmiqyaslı planları ilə tanış olaraq bu işləri yüksək qiymətləndirib.
Həmçinin, 3x3 basketbolun qarşılıqlı olaraq ölkələr arasında sistemli inkişaf etdirilməsi də görüşün əsas müzakirə mövzularından olub.
Sonda tərəflər bir-birilərinə simvolik milli hədiyyələr verib, xatirə şəkilləri çəkdiriblər.
Qeyd edək ki, Raymonds Veyonis 2015 - 2019-cu illərdə Latviyanın prezidenti olub. O, 2020-ci il yanvarın 21-də LBS prezidenti vəzifəsinə seçilib.