"Azəryol"un voleybolçuları Rusiyanın "Dinamo" (Krasnodar) komandası ilə bu gün keçirəcəkləri CEV Kubokunun yarımfinal mərhələsinin cavab görüşünü dəyərləndiriblər. Sportnet.az-ın məlumatına görə, Katerina Jidkova finala çıxmağı çox istədiklərini bildirib.
Onun fikrincə, komandası ilk görüşdə ən yaxşı oyunumuzu sərgiləyə bilməyib: "Belə ağır məğlubiyyətdən sonra da təslim olmamışıq. Buraxdığımız səhvləri müzakirə və təhlil etmişik. Onları aradan qaldırmağa çalışacağıq. Qələbə üçün mübarizə aparacağıq".
Onun komanda yoldaşı Yuliya Kərimova isə Rusiyadakı oyunun videoyazısına baxaraq, səhvlər üzərində işlədiklərini söyləyib: "Cavab görüşünə hazırlıq üçün az vaxtımız olub. Cəmi 3 məşqə çıxmışıq. Amma martın 8-dəki ilk qarşılaşma ilə müqayisədə daha balanslaşdırılmış oynamağa və az səhv buraxmağa çalışacağıq".
Qeyd edək ki, "Azəryol" - "Dinamo" matçı saat 18:00-da başlanacaq.






































































