
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Qızıl Avropa Liqasına start verib. Sportnet.az xəbər verir ki, 16 aydan sonra rəsmi görüşünə çıxan yığma İspaniya millisi ilə qarşılaşıb.
Oyun komandamızın üstünlüyü ilə başlasa da, rəqib tezliklə dönüş yaradıb. İlk setdən 25:22 hesabı ilə qalib ayrılan İspaniya millisi ardınca da eyni hesabla qalib gəlib. Sonuncu hissəni isə rəqib 25:12 hesabı ilə aktivinə yazıb və 3:0-la 3 xala yiyələnib.
Rumıniyada baş tutan A qrupunun digər görüşündə ev sahibləri Fransa ilə üz-üzə gəlib. Matç rəqibin 3:2 (17:25, 23:25, 26:24, 26:24, 15:11) hesablı qələbəsi ilə bitib.
Komandalar ilk dövrəni mayın 28-30-da Rumıniyada, ikinci dövrəni iyunun 4-6-da Fransada oynayacaqlar.
Qeyd edək ki, Qızıl Avropa Liqasında hər qrupda 4 komanda 3 qrupda mübarizə aparacaq. İki dövrədən ibarət olacaq oyunlardan sonra qrup mərhələsinin qalibi və ən yaxşı ikinci yerin sahibi iyunun 19-20-də Bolqarıstanda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. B qrupunun iştirakçısı olan Bolqarıstan yığması finala vəsiqə qazanan komandalar arasında yer tutmazsa, o, həlledici mərhələyə qrup birinciləri ilə birgə ev sahibi kimi qatılacaq.