"Klublarımızın avrokuboklara hazırlıqları davam edir. Bu yaxınlarda iclas keçirdik, mövcud vəziyyəti, oyunçulardan kimlərin gəldiyi və kimlərin yolda olduqlarını öyrəndik".
Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Fərid Xəlilov "Murov" və "Azərreyl" klublarının Avropa Çağırış Kubokundakı şansları barədə danışarkən deyib.
O bildirib ki, yenidən qurulan komandalardan yüksək nəticələr gözləmək doğru deyil: "Biz anlamalıyıq ki, klublarımız son 5 mövsüm ərzində avrokuboklarda çıxış etməmişdi. Bu səbəbdən, indi onlardan yüksək nəticə gözləmək düzgün olmazdı. Lakin yenə də bu, idmandır, niyə də yox?! İnanıram ki, 5 ildən sonra tam yenilənmiş klublarla istəyimizə nail olacağıq. 5 il əvvəl "Murov" yox idi, bu komanda son illərdə yaradılıb və fəaliyyətə başlayıb. "Azərreyl" isə 5 il əvvəlki deyil. Komandada Natalya Məmmədova, Valeriya Korotenko, Yelena və Oksana Parxomenko bacıları da yoxdur. Heyətdəkilər gənc nəslin oyunçularıdır, legionerlər də cəlb olunacaqlar. Hazırkı "Azərreyl" hələ öz yolunun başlanğıcındadır. İnanıram ki, uğurlar qazanacaqlar. Amma açığı, ilk ildəcə buna nail olacaqlarına inanmıram. Bu, çətin olacaq".
Xəlilov büdcənin və digər göstəricilərin də böyük rol oynadığını vurğulayıb: "Bunlar yalnız bizdən asılı məsələlər deyil. Keçmişdə 2-3 milyonluq büdcəyə malik klublarda bu rəqəm indi 25-30 milyon avrodur. Belə klublarla rəqabət aparmaq, açığı, bir qədər çətindir. Mən komandalarımızdan, əsasən, təcrübə gözləyirəm".
Federasiya rəsmisi sözlərinin həm də milli komandaya aid olduğunu söyləyib: "5 ildən sonra avrokuboklarda həm kişi, həm də qadınlardan ibarət klublarla təmsil olunacağıq. Heyətlər yenidir, oyunçuların heç biri əvvəllər qitəmiqyaslı yarışlarda çıxış etməyiblər. Hətta bir ara ölkə çempionatında da mübarizə aparmayıblar. Bu heyətlə relsə düşmək hələ vaxt tələb edəcək. Amma təcrübə qazanmaq üçün gözəl fürsətdir və biz bu fürsətdən faydalanacağıq".
Qeyd edək ki, 2022/2023 mövsümündə Azərbaycanı təmsil edəcək “Murov” və “Azərreyl” ilk rəqibləri ilə hər iki qarşılaşmanı Bakıda keçirəcək. Kişilər arasında Azərbaycan çempionu “Murov” Çelenc kubokunun 1/32 final mərhələsində Xorvatiyanın “Kitro Varazdin” klubu ilə üz-üzə gələcək. Hər iki oyun Bakı İdman Sarayında baş tutacaq. Oktyabrın 19-dakı qarşılaşmada rəqib, ertəsi gün isə təmsilçimiz meydan sahibi sayılacaq. Hər iki matç saat 18:00-da başlayacaq. Qadınlardan ibarət “Azərreyl” klubu isə eyni mərhələdə Slovakiyanın “Slovan” klubu ilə görüşəcək. Noyabrın 29-da və 30-dakı oyunlar da Bakı İdman Sarayında təşkil olunacaq. Hər iki görüş saat 18:00-da başlayacaq. İlk qarşılaşmada rəqib, cavab görüşündə vitse-çempion meydan sahibi olacaq.