
Fransanın Qvadelupa adasında velosiped idmanının trek növü üzrə Avropa çempionatı başa çatıb. Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, qitənin 30-dan artıq ölkəsinin qatıldığı yarışda ölkəmiz 3 velosipedçi ilə təmsil olunub.
Təmsilçilərimizdən ən
yüksək nəticə Olqa İsmayılovaya məxsusdur. O, 200 və 500 metr məsafələrə sprint
yarışlarında 4-cü yeri tutmaqla Azərbaycanın bu növ üzrə qitə çempionatlarında
ən yüksək göstəricisinə imza atıb. 200 metr məsafəyə mübarizə zamanı
velosipedçimiz təsnifat yürüşündə 11.596 saniyə göstərici ilə 21 iştirakçı
arasında ən yüksək nəticəyə imza atıb. 1/8 finalda Ukrayna, 1/4-də isə Litva
idmançısından güclü olan İsmayılova yarımfinala vəsiqə qazanıb. Amma bu
mərhələdə İspaniya təmsilçisinə uduzan velosipedçimiz bürünc medal uğrunda
həlledici yürüşlərdə almaniyalı olimpiya çempionu Kristina Foqelin müqavimətini
qıra bilməyib.
500 metr məsafəyə sprint
yarışında isə İsmayılovaya bürünc medal üçün cəmi 0.111 saniyə çatmayıb. O,
34.953 saniyə göstərici ilə bu növdə də 4-cü yeri tutub. Halbuki indiyədək trek üzrə Avropa çempionatlarında ən yüksək nəticəmiz 2005-ci ilə
təsadüf edib - 12-ci yer.
Digər qadın idmançımız Yelena Pavluxina 3000 metr məsafəyə fərdi izləmə yarışında 22 nəfər arasında 12-ci, skretçdə isə 28 nəfər arasında 13-cü yeri tutub. Qeyd edək ki, yığma komandamız Qvadelupadan birbaşa Meksikaya yollanacaq və noyabrın 8-9-da bu ölkədə keçiriləcək Dünya Kubokunun birinci mərhələsinə hazırlaşacaq.