
“Bəli, əlbəttə, Fernandu Santuşun işindən ayrılmasının oyunumuza təsiri olacaq. Amma bizim milli komandamız hücumda öz gücünü göstərdi. İnanırıq ki, sabah da öz oyunumuzu ortaya qoyacağıq. Görək necə olacaq".
Sportnet.az xəbər verir ki, bunu Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri 2026-cı il dünya çempionatının seçmə qrup matçından öncə mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis özü ilə birlikdə mətbuat konfransında iştirak edən Aleksandr Zinçenko üçün hansı mövqedə oynamağın fərq etmədiyini bildirib: “Aleksandr üçün fərq etmir harada oynayacaq, bunu siz sabah görəcəksiniz. O, Ukrayna üçün hər zaman əlindən gələn köməyi edib, futbolunu göstərərkən də eyni şəkildə özünü tam ortaya qoyub. Bu, futboldur. Sistemlərdə hər şey ola bilər. Futbolçular özlərini necə göstərsələr, elə də oynayacağıq".
Rebrov Ukrayna klublarının Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmamasının yığmaya mümkün təsirindən də danışıb: "Əlbəttə, istərdik ki, top-komandaların hamısı Çempionlar Liqasında çıxış etsin. Amma təəssüf ki, hazırda Ukraynada müharibə gedir, komandalar kifayət qədər yaxşı şəraitdə məşq etmirlər. Hətta onların hər hansı birinin avrokuboklarda çıxış etməsi belə, ölkə futboluna dəyər qatır".
Evinə rus dronu düşərək, ailəsi zərər çəkmiş futbolçu Georgi Sudakovun psixoloji durumu barədə də danışan baş məşqçi deyib: "Təəssüf ki, biz 3,5 ildir belə vəziyyətdə yaşayırıq. Dünən Sudakovun, əvvəlki illərdə başqa oyunçuların başına belə iş gəlib. Hazırda belə bir vəziyyətdəyik, belə yaşayırıq. Bu, bizə daha çox motivasiya verir. Bura hansı oyunçuları gətirdiyimizi bilirik. Bu da bizim üçün döyüş arenasıdır".
O, Azərbaycan millisinin zəif komanda olduğunu düşünmədiyini söyləyib: "Başa düşürəm ki, oyundan bir gün əvvəl baş məşqçini dəyişmək komandaya bir qədər çətinlik törədir. Amma mən İslandiyaya qarşı oyuna baxmışam. Hər şey ola bilər. Düşünmürəm ki, Azərbaycan Ukraynadan zəif oynayır. Hər şeyi qarşılaşmanın özü göstərəcək".
Qeyd edək ki, sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Ukrayna matçı saat 20:00-da başlanacaq.