"Qarabağ" klubunun futbolçusu Kadi Borges Azərbaycan parataekvondoçusu Amin Əliyevə sürpriz edib.
Milli Paralimpiya Komitəsinin (MPK) mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, braziliyalı yarımmüdafiəçi Əliyevə öz formasını hədiyyə edib.
Səmimi anlarla yadda qalan görüşün paralimpiyaçılar üçün gələcək yarışlardan əvvəl böyük motivasiya və ruh yüksəkliyinə səbəb olacağı qeyd edilib.
Qeyd edək ki, bir müddət öncə DOST TV-nin efirində yayımlanan “İdmançının Dostu” verilişinin qonağı olan gənc parataekvondoçu Amin Əliyev “Qarabağ” klubunun və bu komandanın braziliyalı futbolçusu Kadi Borgesin sadiq azarkeşi olduğunu bildirib. O, idmançı Kadiyə görə özünə "Kadi" ləqəbini götürdüyünü açıqlayıb. Avropa Gənclər Paralimpiya Oyunlarının qızıl medalçısı olan 19 yaşlı paralimpiyaçının ən böyük arzusu, “köhlən atlar”ın ulduz futbolçusu Kadi Borgeslə görüşmək idi. MPK-nın təşkilatçılığı ilə Azərbaycan Taekvondo Federasiyasının məşq zalında keçirilən görüşdə idmançının arzusu gerçəkləşib.































































































