İtaliyada "Napoli" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin V tur matçının təyinatları müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmanı polşadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Şimon Martsinyaka Tomaş Listkeviç və Adam Kupsik yan xətt, Mik Voytsex dördüncü hakim qismində yardımçı olacaq.
Niderlandlı Pol van Bökel VAR hakimi, xorvatiyalı İvan Bebek VAR hakiminin köməkçisi funksiyasını yerinə yetirəcək.
Noyabrın 26-da Napoli şəhərindəki Dieqo Armando Maradona stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.
Qeyd edək ki, Şimon Martsinyak 2012-ci il sentyabrın 11-də Azərbaycan millisinin səfərdə Portuqaliyaya 0:3 hesabı ilə uduzduğu AVRO-2024-ün seçmə matçını və 2013-cü il avqustun 22-də "Qarabağ"ın evdə Almaniya "Ayntraxt"ına 0:2 hesabı ilə uduzduğu UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununu idarə edib.
O, 2022-ci il dünya çempionatının Argentina - Fransa (əsas vaxt - 2:2, əlavə vaxt - 1:1, penaltilərlə - 4:2) finalının və 2002/2023 mövsümündə Türkiyənin İstanbul şəhərində təşkil olunmuş Çempionlar Liqasının "Mançester Siti" (İngiltərə) - "İnter" (İtaliya) həlledici qarşılaşmasının (1:0) baş hakimi olub.


































































