
"Bütün Azərbaycan xalqını, ailəmi və məni dəstəkləyən hər kəsi təbrik edirəm. Çox sevincliyəm. Hansı hisslər keçirdiyimi sözlə ifadə edə bilmirəm".
Sportnet.az xəbər verir ki, bunu Paris-2024 Yay Olimpiya Oyunlarında 100 kq çəki dərəcəsində qızıl medal qazanan Azərbaycan cüdoçusu Zelim Kotsoyev İTV-yə açıqlamasında deyib.
O, daha əvvəl Olimpiya çempionu olmuş digər cüdoçu Hidayət Heydərovun qələbəsindən ikiqat motivasiya aldığını bildirib:
"Hidayət Heydərovla əla əlaqəmiz var. Birlikdə məşq edir, birlikdə dincəlirik. Onun qızıl medalına çox sevinmişdim. O, mənə döyüşümdən öncə mesaj yazmışdı. Bu, mənə ikiqat motivasiya vermişdi. Baş məşqçi Riçard Trautman, şəxsi məşqçim Elxan Məmmədov, federasiyamız bizə çox böyük dəstək verir. İki qızıl medal çox böyük nailiyyətdir".
"Qələbəni Azərbaycana və məni Azərbaycanda dəstəkləyən hər kəsə həsr edirəm. Kimi sevindirə bildimsə, çox şadam. 2015-ci ildən Azərbaycanda yaşayıram. Cənab Prezident İlham Əliyevin Hidayətə təbrik göndərməsi də mənə motivasiya oldu" deyə Kotsoyev vurğulayıb.