
Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı Slovakiya Turu Azərbaycanın "Synergy Baku" kontinental komandası üçün uğurlu sonluqla başa çatıb. Azərbaycan Velosiped İdmanı Federasiyasından Sportnet.az-a verilən məlumata görə, velosipedçimiz Kiril Pozdnyakov ümumi sıralanmada fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Yarışın 2-ci mərhələsində finiş xəttini 2-ci keçməklə ümumi təsnifatda 3-cü pilləyə yüksələn K.Pozdnyakov, bu mövqeyini sonadək qoruyub.
Beşgünlük yarışın qalibi, İtaliyanın "Unieuro Wilier" komandasının üzvü Mauro Finetto olub. Azərbaycan idmançısı liderdən cəmi 9 saniyə geri qalıb.
Qeyd edək ki, 23 komandanın çıxış etdiyi yarışda "Synergy Baku" Maksim Averin, Elçin Əsədov, Samir Cəbrayılov, Aleksandr Surutkoviç və Kiril Pozdnyakovla təmsil olunub.