Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Andre Meyer və vitse-prezident Yan Xronik Bakıya gəliblər. Voleybol Federasiyasının mətbuat xidmətindən Sportnet.az – a verilən məlumata görə, 2015-ci ildə Bakıda təşkil olunacaq Avropa Oyunlarına hazırlıq və çimərlik voleybolunda olan yeniliklərlə yaxından tanış olmaq üçün paytaxtımıza gələn CEV rəsmiləri 4 gün işgüzar görüşlər keçirəcəklər.
Bununla yanaşı prezident və vitse-prezident bu gün Voleybol Mərkəzində start götürəcək 2015 Avropa Çempionatının II seçmə mərhələsinin 2-ci turunun oyunlarını canlı izləyəcək.
Qeyd edək ki, Bolqarıstandan qrup ikincisi olaraq vətənə qayıdan voleybol üzrə Azərbaycan milli komandasının 2015 Avropa çempionatına birbaşa vəsiqə qazanması Bakıda keçiriləcək oyunlardan sonar müəyyənləşəcək. Bu gün yığmamızın Yunanıstanla qarşılaşacağı görüş saat 18:30-da start götürəcək.
Sevinc XANQIZI