
"Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsi daha iki ölkənin yayım şirkəti ilə müqavilə imzalayıb. Sportnet.az-ın məlumatına görə, Oyunlar Yunanıstan və Finlandiyada televiziya vasitəsilə canlı nümayiş etdiriləcək.
Yunanıstanda əsas ictimai yayım təminatçısı olan NERIT (New Hellenic Radio, Internet and Television) televiziya və onlayn platformaları vasitəsilə Oyunların gündəlik olaraq canlı yayımını təmin edəcək, eyni zamanda, möhtəşəm açılış və bağlanış mərasimlərini yayımlayacaq.
Finlandiyanın ödənişsiz milli yayım şirkəti olan Yle açılış və bağlanış mərasimlərinin, eyni zamanda, gündəlik olaraq yarışların canlı yayımını təmin edəcək və yarışların ən parlaq məqamlarından ibarət video materialları nümayiş etdirəcək. Sözügedən stansiya yerli yayım şirkəti olan International Sports Broadcasting-in vebsayt və rəqəmsal platformaları vasitəsilə də Oyunların 800 saatlıq canlı yayımını təmin edəcək.
Qeyd edək ki, digər ölkələr ilə daha əvvəl bağlanmış yayım müqavilələri də daxil olmaqla, bu iki yayım müqaviləsi I Avropa Oyunlarının dünyanın 49 ölkəsində yayımlanacağı və bütün dünyada bir milyarddan artıq tamaşaçının yarışları izləyəcəyi deməkdir.