"Bakı 2015" I Avropa Oyunları Əməliyyat Komitəsi bu yay keçiriləcək Oyunların Hindistanda yayımlanması üçün NEO Sports şəbəkəsi ilə sazişə imza atıb. Sportnet.az-ın məlumatına görə, sazişə əsasən, "Bakı 2015" I Avropa Oyunları "NEO Sports" və "NEO Prime" kanalları vasitəsilə bütün ölkə üzrə yayımlanacaq.
Oyunlarla bağlı gündəlik xəbərlər və yarışlardan ən maraqlı anların lentə alındığı video-materiallar maksimum sayda tamaşaçının televiziyanı seyr etdiyi vaxtda nümayiş etdiriləcək. Avropa Oyunları kanallar və şəbəkənin veb-saytı vasitəsilə təbliğ olunacaq. Möhtəşəm Açılış və Bağlanış mərasimləri də canlı olaraq yayımlanacaq.
NEO Sports şəbəkəsi beynəlxalq idman yarışlarını, o cümlədən, Qadın Tennisçilər Assosiasiyası tərəfindən təşkil olunan tennis turnirlərini, Fransa tennis turnirlərini, "Davis Cup” tennis turnirlərini, "Fed Cup” tennis turnirlərini, Almaniya Bundesliqasını, "PGA Tour” qolf turnirlərini və digərlərini yayımlamaq hüququna malikdir.
Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları Əməliyyat Komitəsi bu sazişin bağlanması ilə Avropa Oyunlarının Birləşmiş Ştatlar, Çin və Ərəb dünyası da daxil olmaqla dünyanın 55 ölkəsində yayımlanacağını elan etmiş oldu.