
"Kəpəz" klubunun prezidenti, ötənlərin tanınmış futbolçusu və məşqçisi Mehman Allahverdiyevin Sportnet.az-a müsahibəsi
- VI turda "Mil-Muğan"la oyundakı texniki qələbəni nəzərə almasaq, komandanız son oyunlarda zəif təsir bağışlayır. Bununla əlaqədar hər hansı tədbir görmək fikriniz var?
- Təbii ki, nəticələrdən razı deyilik. Bu barədə söhbətlərimiz də olur. İstənilən baş məşqçi bilir ki, ardıcıl uğursuzluqlar istər-istəməz onun istefası ilə nəticələnməlidir. Qarşıdakı turlarda da çətinliklərlə üzləşsək, müəyyən tədbirlər görəcəyik.
- Bəlkə zəif çıxışınız maddi problemlərə görədir?
- Bizim elə də çətinliyimiz yoxdur. Heyətimizdə təkcə gəncəli futbolçular yox, kənardan 12 oyunçu da var. Onların hamısı klubumuzun bazasında qalırlar, vaxtlı-vaxtında yeməklə təmin olunurlar. Sağ olsunlar, bizə maddi dəstək verənlərin ödənişlərində hər hansı ləngimə olsa, özümüz yoluna qoyuruq.
- Gəncə şəhər stadionunda çoxdan gözlənilən əsaslı təmir işləri nə zaman başlanacaq?
- Hələ konkret tarix bilinmir. Görək, nə zaman başlayarlar. Stadionumuz təmir olunsaydı, uşaq futbolunun inkişafına da müsbət təsir göstərərdi. Söhbət təkcə Gəncə şəhər stadionundan getmir. Şəhərimizdəki "Metallurq" və "Spartak" stadionları da düzəlsəydi, yaxşı olardı.
- Neçə ildir mərkəzi stadionu təmir etdirmək mümkün olmadığı halda, qalan meydanların normal vəziyyətə çatdırılması nə dərəcədə realdır?
- Futbolun inkişafı üçün normal meydanların olması vacib şərtdir. Təsəvvür edin: Uşaq futbolçular yetişdiririk, müəyyən yaş dövrünə çatdıqdan sonra imkanlı klublardan gəlib aparırlar. Valideynləri də deyir ki, sizə hörmətimiz var, amma övladımızın karyerasını da fikirləşməliyik.
- Sonda təcrübəli mütəxəssis kimi fikrinizi öyrənmək istərdik: Berti Foqtsun millimizin baş məşqçi postundan istefasını necə qarşıladınız?
- Foqtsun istefa qərarı düzgün idi. Rəsmi matçlardan ardıcıl 3 məğlubiyyətdən sonra göndərməsəydilər belə, özü getməli idi. Xüsusən, Xorvatiyaya 0:6 hesablı məğlubiyyət lap acınacaqlı idi. Biz televiziya ilə oyuna baxa-baxa necə məyus olmuşduq. Görün, İtaliya və Xorvatiya ilə səfər oyunlarını stadiondan izləyən AFFA prezidenti Rövnəq Abdullayevlə baş katib Elxan Məmmədov nələr çəkirdilər.