
Azərbaycanın sərbəst, yunan-Roma və qadın güləşi üzrə milli komandalarının məşqçilər heyətində dəyişiklik baş verib. Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov Sportnet.az-a açıqlamasında bildirib ki, qurumun prezidenti Fazil Məmmədov bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, sərbəst güləş üzrə böyüklərdən ibarət millinin baş məşqçisi Semyon Çterev qadın güləşi üzrə böyüklərdən ibarət yığmamızın sükanı arxasına keçib. Ona böyük məşqçi qismində Kostantin Konorev və məşqçi kimi Arif Fərmanov yardımçı olacaq. Əvəzində qadın güləşi üzrə yığmamızın baş məşqçisi Yaqub Məmmədov gənc qızlardan ibarət yığmaya böyük məşqçi təyin olunub. Ona Aslan Ağayev məşqçi qismində kömək edəcək. Yeniyetmə qızlardan ibarət yığmaya Həsrət Məmmədyarov böyük məşqçi, İsaməddin Hüseynov məşqçi kimi rəhbərlik edəcək.
Sərbəst güləş üzrə milli komandamıza isə Saypulla Absaidov yenidən baş məşqçi vəzifəsinə qaytarılıb. Ona yenə Firdovsi Umudov böyük məşqçi kimi yardımçı olacaq. David Kurtsiya isə məşqçi vəzifəsinə təyin olunub.
Gənclər yığmamıza Əsgərxan Novruzov böyük məşqçi, Rövşən Hacıyev və Sadruddin Ayqubov məşqçi təyin olunub. Onların əvvəllər çalışdığı yeniyetmələrdən ibarət millimizə Nazim Əlicanov böyük məşqçi, Vahid Məmmədov və Rövşən Umudov məşqçi kimi rəhbərlik edəcək. Kiçik yaşlı yeniyetmələrdən ibarət yığmamız isə Mehman Nəcəfov və Elşad Allahverdiyevə tapşırılıb.
Yunan-Roma güləşi üzrə millimizdə baş məşqçi vəzifəsini yenə Cəmşid Xeyrəbadi yerinə yetirəcək. Ona Nurəddin Rəcəbov böyük məşqçi, Akif Əliyev və Ayyub Azmudə məşqçi kimi kömək edəcək. Gənclər yığmamızda Şaban Donat böyük məşqçi, Zöhrab Abbasov və Turac Hüseynov məşqçi kimi çalışacaq.
Yeniyetmələrdən ibarət yığmamız Bəhram Mürvətova tapşırılıb. Ona İslam Cəfərov və Fuad Alıyev kömək edəcək.
Kiçik yaşlı yeniyetmələrdən ibarət millimizdə isə İlqar Abdulov, Vüqar Aslanov və Rasim Ağayev çalışacaq.
Məşqçi dəyişikliklərinə zərurət kimi Azərbaycan güləşinin daha da inkişaf etdirilməsi, uğurlarımızın yüksəldilməsi və yığmamızın yeni-yeni nailiyyətlərə imza atması göstərilib.