
"Millinin yeni baş məşqçisi Robert Prosineçki Berti Foqtsdan köklü şəkildə fərqlənir". Bunu Sportnet.az-ın Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsində AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev deyib.
Azərbaycan milli komandasının təlim-məşq toplanışını izləyən təcrübəli mütəxəssis Prosineçkinin üstünlüklərini sadalayıb: "Məşqlərinə fikir vermisinizsə, bu mütəxəssisin komandanı müdafiədən oynatmaq fikri yoxdur. Məşqin gedişində verdiyi tapşırıqlardan hiss olunur ki, istər standart, istərsə də mərkəzdən hücumlara geniş yer verir. Futbolçuları daim xoşbəxtliyi rəqib qapısı qarşısında axtarmağa çağırır. Buna görə də hesab edirəm ki, azərbaycanlı azarkeşlər bu il uzun müddətdən sonra milli komandanın ifasında, nəhayət, hücum futbolu görəcəklər. Robert Prosineçki bu qaydada davam edərsə, komanda böyük uğurlar qazanacaq".
Hacıyevin fikrincə, futbolçuların Prosineçkinin fəlsəfəsini yerinə yetirmələri üçün zamana ehtiyac var: "Baş məşqçi toplanışın ilk günündən çalışır ki, özünün futbol fəlsəfəsini komandaya tez bir zamanda aşılaya bilsin. Çox güman ki, buna nail olacaq. Bundan başqa, Prosineçkinin gətirdiyi fiziki hazırlıq üzrə məşqçinin işi daha sağlamdır. Yəni, əvvəlki məşqçilərdən fərqli olaraq, modern fiziki hazırlığa bir o qədər də fikir vermir. Bütün düşüncəsi komandanı məşqə düzgün hazırlamaqdır. Digər tərəfdən, Prosineçkinin komandanı texniki-taktiki planda "işlətməsi" hər şeydən xəbər verir".