Elşən MƏMMƏDOV
İlaxır çərşənbədə işə başlar-başlamaz sözün həqiqi mənasında şok xəbər və görüntülər hamını məşğul etdi. Böyükağa Hacıyevin sözü olmasın, insanların motivasiya və konsentrasiyası pozuldu. Kimisi saçından sürünərək, döyülüb-söyülən Ülkər İsayevanın halına acıdı, kimisi də onu şillə-təpik altına salan Zaur və Elin Məmmədov qardaşlarına haqq qazandırdı.
Mən isə o qızdan çox, atası Hamlet İsaxanlıya görə təəssüfləndim. İsaxanlının Azərbaycanda ilk özəl ali məktəbin - Xəzər Universitetinin təsisçisi olması hamıya məlumdur. Amma o, həm də eyniadlı klubun - hazırkı Bakı "İnter"inin sələfi "Xəzər Universiteti"nin prezidenti olub. AFFA-da Fuad Musayev erasının istər futbol meydanında, istərsə də federasiya prezidenti kürsüsündə başa çatmasında yaxından iştirak edib. Məhz "Xəzər Universiteti" ilə Musayevin klubu "Şəfa" arasındakı görüşdə təyin edilmiş penalti ölkədə uzunmüddətli futbolsuzluğun başlanğıcına çevrilmişdi. İsaxanlı həmin vaxtlar AFFA İcraiyyə Komitəsinin üzvü idi, savadlı fikirləri, prinsipial mövqeyi ilə seçilirdi. O illərdə AFFA-nın yeni Nizamnaməsinin hazırlanmasında fəallıq göstərirdi.
Hər bir ataya övladının döyülməsini, əzilməsini görmək çox ağırdır. O da ola Hamlet İsaxanlı kimi ziyalı üçün. Amma nə etməli? Söhbət ali təhsilli, dünyagörüşlü bir qızın pul gücünə harınlamış, əndazədən çıxmış, kriminallaşmış qardaşlara qoşulmasından gedir. O vaxtlar hamı Azərbaycan futbolunda çevriliş, inkişaf, bu sahəyə diqqətin artırılması, vəsaitin ayrılması üçün çalışırdı. İndi o diqqət də var, pul axını da, layiq olmadığı pulu görüb harınlayanlar da.
Mən bilmirəm Zaur və Elin Məmmədov qardaşlarının idmanla yaxından-uzaqdan əlaqəsi varmı? Amma hər nədisə, deyilənlərə görə, hamı onlardan çəkinir. Hətta məhkəmə zalından azadlığa buraxılacaq qədər güclüdürlər. İdmançı olsaydılar belə, yenə pulla hər şeyi ört-basdır edəcəkdilər. Ortada süpürgəçini öldürdüyü halda azadlıqda gəzən futbolçu Araz Abdullayev nümunəsi var.
Bu olay deputatlar Hadı Rəcəbli ilə Fəzail Ağamalının fikirlərinin geniş müzakirəyə yol açdığı bir vaxta təsadüf etdi. Biri müəllimlərə dərsdən sonra daş daşımağı təklif, digəri isə Rövşən Lənkəranskinin timsalında kriminal avtoritetliyi təbliğ etmişdi. Müəllim qızı müəllimənin kriminal avtoritet qismində görülən qardaşlar tərəfindən döyülməsi nəinki iki millət vəkilinin açıqlamalarını unutdurdu, əksinə onları tamamladı, zənginləşdirdi, əyani şəkildə təsdiqlədi.
Ülkər İsayeva Xəzər Universitetində dekandır, amma narkotikə meylliliyin Ziqmund Freydə müsbət təsirindən danışaraq, bu vərdişi dolayısı ilə təbliğ edir, Hadı Rəcəblinin dediyi kimi, dərsdən sonra daş daşımasa da, gecə saat 4-dək dostları ilə "çalışır". Kiminlə? Fəzail Ağamalının təbliğ etdiyi kriminal avtoritetlərlə.
Nəticədə belə bir rəy yaranır: Pulun varsa, hər şey edə bilərsən. İstər idmançı oldun, istərsə də kriminal avtoritet. Yalnız müəllim olma!
Yoxsa...