Voleybolçu qadınlardan ibarət "Rabitə" klubu CEV Kubokunda mübarizəni dayandırıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycan çempionu Rusiyanın "Dinamo" (Krasnodar) komandasına yarımfinal mərhələsinin cavab görüşündə də məğlub olub.
"Rabitə" dörd gün öncə səfər oyununda 1:3 hesabı ilə uduzmuşdu. Zoran Qayiçin komandası Bakıdakı qarşılaşmada daha böyük fərqlə yenilib - 0:3. İlk setdə ciddi müqavimət göstərməsinə baxmayaraq, təmsilçimiz fasiləyə 23:25 hesablı məğlubiyyətlə çıxıb. Növbəti setdə 19:25 hesabı ilə yenilən "Rabitə"nin final şansı itib. Bundan sonra formal xarakter daşıyan 3-cü set də "Dinamo"nun üstünlüyü ilə tamamlanıb - 25:20.
Beləliklə, "Rabitə" bu mövsüm Çempionlar Liqasının ardından CEV Kubokunda da uğursuzluğa düçar olub. "Dinamo" isə 1/4 finalda üstələdiyi "Lokomotiv"in ardından daha bir klubumuzu mübarizədən kənarlaşdırıb.