Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Teymur Məmmədov 1/4 final döyüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 23 yaşlı idmançı qazaxıstanlı Adilbek Niyazımbetovla üz-üzə gəlib.
Görüş Niyazımbetovun üstünlüyü şəraitində keçib. İlk iki raundda hakimlər onun üstünlüyünü qeydə aldıqdan sonra Məmmədovun son raundda sarsıdıcı zərbə vurma cəhdləri nəticə verməyib.
Beləliklə, 2012-ci il London olimpiadasının bürünc mükafatçısı və "Rio-2016"da Azərbaycanın bayraqdarı 0:3 hesabı ilə uduzaraq, mübarizəni medalsız dayandırıb.
------------------------------------------------
03:01. Sotomayor həmyerlisinə rəqib oldu, Teymur Məmmədov medal görüşünə çıxır - YENİLƏNİR
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Lorenso Sotomayor 1/8 final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 64 kq çəki dərəcəsində çıxış edən kubalı legionerin rəqibi fransalı Hassan Amzil olub.
Görüş Sotomayorun üstünlüyü şəraitində keçib. İlk 2 raundda hakimlər onun, sonuncusunda isə fransalı boksçunun üstünlüyünü qeydə alıb. Bununla da 2:1 hesablı qələbəyə nail olan Azərbaycan təmsilçisi 1/4 finala yüksəlib.
Qeyd edək ki, 1/4 finalda Lorenso Sotomayorun rəqibi kubalı həmyerlisi Yasnier Toledo olacaq.
----------------------
17:31. Teymur Məmmədov Olimpiya medalının bir addımlığında
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının növbəti yarış günündə Azərbaycanın 2 boksçusu çıxış edəcək. Sportnet.az-ın məlumatına görə, gecə saat 02:15-də boksçu Lorentso Sotomayor (64 kq) fransalı Hassan Amzili 1/8 final görüşündə sınağa çəkəcək. Bu, Sotomayorun ikinci görüşü olacaq.
Saat 03:00-da isə Teymur Məmmədov (81 kq) qazaxıstanlı Adilbek Niyazımbetovla 1/4 final görüşündə üz-üzə gələcək. Qələbə təqdirində, Azərbaycan millisinin bayraqdarı yarımfinala vəsiqənin sahibi kimi ən azı bürünc bürünc medalı təmin edəcək.
Qeyd edək ki, daha öncə Azərbaycan boksçularından Albert Səlimov (60 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmmədrəsul Məcidov (+91 kq) 1/4 finalda uduzaraq, mübarizəni dayandırıb.