Mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirində IV tura start verilib.
Sportnet.az-ın məlumatına görə, hesabat turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenlə heç-heçə oynayıb.
Ağ fiqurlarla mübarizə aparan Rəcəbov mətbuat konfransında oyunu haqqında çox danışa bilməyəcəyini söyləyib: "Gedişlər təkrarlandığı üçün heç-heçə qaçılmaz oldu. Gedişlər təkrar olunursa, vaxt itirməyə ehtiyac yoxdur. Fikrimcə, yarışda əsas mübarizə qarşıdadır".
"ShamkirChess 2018"in yüksək səviyyədə təşkil olunduğunu bildirən Azərbaycan şahmatçısı bu sayda heç-heçələrin sonluğu daha maraqlı edəcəyini deyib.
Karlsen Şəmkirə şəxsi aşbazıyla gəlib. Jurnalistin "Siz də nə vaxtsa yarışa aşpazla yollanmaq barədə düşünürsünüzmü" sualına Rəcəbov belə cavab verib: "Dünya çempionu titulu tamam başqadır. Çempionluğun öz üstünlükləri var. Əlbəttə, dünya çempionu olan şahmatçı özünə belə imkan yarada bilər. Bu barədə heç vaxt düşünməmişəm. Ehtiyac olmayıb. Hazırda yeməyə ciddi diqqət edirəm. Bir qədər artıq çəkim olduğu üçün kalorisi çox olan qidalardan uzaq oluram. Məsələn, kabab və digər belə qidaları yemirəm. Ümumiyyətlə qidalanmaya fikir vermək çox vacibdir. Gələcəkdə də aşpazla birgə yarışa getmək barədə heç fikirləşməmişəm".