
2019-cu ildə Azərbaycanda dopinqlə mübarizə sahəsində təhsil və təlim proqramı genişləndirilib.
Sportnet.az-ın məlumatına görə, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli bildirib.
O, deyib ki, AMADA antidopinq sahəsində maarifləndirmə və təhsil proqramlarını inkişaf etdirmək və bununla bağlı idmançılarla fikir mübadiləsi aparmaq məqsədilə İdmançılar Komissiyasını təsis edib: "Komissiyanın missiyası AMADA-ya müəyyən mövzular üzrə tövsiyələr verməkdən ibarət olacaq. Komissiya 12 idmançıdan ibarət olacaq və il ərzində 4 görüş keçiriləcək. Lazım gəldiyi halda növbədənkənar görüşlər də ola bilər. Hər toplantıdan sonra Komissiyanın sədri tərəfindən AMADA-ya hesabat təqdim olunacaq. Bu il dopinqlə mübarizə sahəsində 100-dən çox maarifləndirici tədbir keçirilib. 30 antidopinq seminarında 884 idmançı iştirak edib".
Hüseynli AMADA-nın 2019-cu ildə "iQuiz" antidopinq maarifləndirmə cihazını da təqdim etdiyini vurğulayıb: "iQuiz" görmə imkanları məhdud olan idmançılar üçün dünyada ilk audio əsaslı cihazdır".
Qurumun direktoru bildirib ki, Azərbaycanda bioloji pasporta (bioloji məlumatları əks etdirən onlayın profil) malik idmançıların sayı 51-dən 80-ə çatdırılıb.