Bu gün Azərbaycan Radiosunda yayımlanan "Extra time" verilişinin qonağı Azərbaycan İdman Jurnalistləri Federasiyasının rəhbəri Qabil Mehdiyev olub.
Sportnet.az xəbər verir ki, Mehdiyev qurumun idman jurnalistləri üçün həyata keçirəcəyi layihələrdən bəhs edib.
"Bu gün ölkə mətbuatına KİVDF öz köməkliyini edir. Əgər idman mediası da ölkə KİV-nin tərkib hissədirsə, onlar da bundan yararlanmaq hüququna malikdir. Bununla bağlı biz KİVDF-yə müraciət edəcəyik" deyən federasiya rəhbəri eyni zamanda il ərzində AİJF-nin də müxtəlif tədbirlərlə bağlı yazı müsabiqələrinin olacağını diqqətə çatdırıb: "Müsabiqənin yekununda qalib jurnalistlər mükafatlandırılacaq. İlkin olaraq 1-ci yerin sahibinə 500, 2-ci yeri tutana 300, 3-cü olana isə 200 manat məbləğində pul mükafatı veriləcək. Qalibləri isə yalnız idarə heyəti müəyyən etməyəcək. İH-nin nəzdində komissiya yaradılacaq. Burada veteran idman jurnalistləri, idman ictimaiyətinin təcrübəli simaları təmsil olunacaq. Yekun rəyə əsasən ən yaxşılar müəyyən olunacaq".