
2021-ci ildə Beynəlxalq Etnoidman Forumu Bakıda keçiriləcək.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın Sportnet.az-a verdiyi məlumata görə, bununla bağlı xəbəri Beyəlxalq Etno İdman Federasiyasının prezidenti Bilal Ərdoğan Türkiyənini Antalya şəhərində öz işinə başlamış III Beynəlxalq Etnoidman Forumunda açıqlayıb.
B.Ərdoğan, Gənclər və idman naziri Azad Rəhimov, onun Türkiyədən olan həmkarı Mehmet Muharrem Kasapoğlu, eləcə də Kot-d İvuar, Mali, Fələstin, Somali, Özbəkistan, Saxa (Yakutiya) Respublikasından olan həmkarları, Pakistan Respublikasının Yerli İcma Koordinasiyası naziri Fehmida Mirza, etno idmanının dünyada daha geniş yayılması və tanıdılmasına dair birgə Bəyanat imzalayıblar.
Forum zamanı çıxış edən A.Rəhimov 2021-ci ildə IV Beynəlxalq Etnoidman Forumunun Bakıda keçirilməsinə dair qərarın verilməsini ölkənin bundan öncəki illərdə bir sıra mühüm idman yarışları və tədbirlərinə uğurla ev sahibliyi etməsinin nəticəsi olduğunu qeyd edib. Etno idmanının inkişafına dair birgə sənədin imzalanmasını çox önəmli addım adlandıran nazir bundan sonra milli idman növlərinin daha da inkişafına, digər dövlətlərin bu idman növlərinin tanıdılıb, geniş yayılmasına cəlb olunması və ümumilikdə, birgə əməkdaşlığın əhəmiyyətinə yeni imkanlar açacağını vurğulayıb.
O, III Beynəlxalq Etnoidman Forumunun xaqların zəngin və çoxəsrlik mədəni irslərinin, yüz illərlə formalaşmış adət-ənənələrinin və mədəniyyətlərinin, milli idman növlərinin inkişafında, daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacağını bildirib. Çövkənın 2013-cü ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına salınmasını Azərbaycanın böyük uğuru adlandırıb.
Qeyd edək ki, forumda “milli idman və oyunların hökumətlər tərəfindən dəstəklənməsinin əhəmiyyəti”, “dövlət qurumlarının bu sahələrə diqqətinin yönəldilməsi yolları”, “milli idman və oyunlar vasitəsi ilə gənc nəsli gücləndirilməsini təmin etmək və gənclərin vaxtlarının səmərəli keçirməsinə şərait yaratmaq”, “nəsillər və mədəniyyətlər arasında əlaqələrin qurulmasında etnoidmanın rolu”, “milli idman növləri ilə bağlı məlumatların və sənədlərin toplanmasında universitetlərin, federasiyaların və klubların əməkdaşlıqlarının vacibliyi” və sair mövzular müzakirə mərkəzindədir.