Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) İdarə Heyətinin növbəti iclası keçirilib.
Sportnet.az xəbər verir ki, larantin qaydalarına riayət edilməklə, təşkilatın 2021-ci ildə keçirilən ilk iclası həm də AİJF-nin fəaliyyətinin ilk ildönümü ilə eyni ərəfəyə təsadüf edib. Xatırladaq ki, federasiyanın təqdimatı 2020-ci il yanvarın 10-da keçirilmişdi.
İclasda əsasən, federasiyanın bir il ərzindəki fəaliyyətinə nəzər salınıb, qurumun hesabatı müzakirə edilib. Qeyd edilib ki, pandemiya ilə müşaiyət olunan 2020-ci il ərzində digər qurumlar kimi, AİJF də daha çox onlayn rejimdə fəaliyyət göstərməli olub.
Ümumilikdə, İdarə Heyəti üzvləri pandemiya şəraitində olmasına baxmayaraq, qurumun illik fəaliyyətini qənaətbəxş hesab ediblər.
İclasda təşkilatın fevralın 20-də idman jurnalistlərinin növbəti toplantısını keçirmək qərar alınıb. 2021-ci il tədbirlər planı müzakirə edilib və təsdiqi növbəti iclasa saxlanılıb. AİJF-nin mükafatlarına yeni nominasiyalar müzakirə edilərək təsdiqlənib.
Həmçinin yanvar ayından başlayaraq, Gənclər və İdman Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində, Şəhid idmançı ailələrinin ziyarət edilməsi də qərara alınıb.
İclasda İdarə Heyətinin üzvü, Azerisport.com idman portalının icraçı direktoru Vüqar Zeynalova 50 illik yubileyi münasibətilə “İdman mediasının fəxri” plaketi də təqdim edilib.