"Bundan sonra yerli idman növlərini inkişaf etdirmək istəyirik".
Sportnet.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov Bakıdakı Beynəlxalq Etnosport Forumundakı çıxışında deyib.
Nazir Dünya Etnosport Konfederasiyasının prezidenti Bilal Ərdoğan tədbiri Bakıda keçirdikləri üçün təşəkkür edib: "Sizi nazirlik adından salamlayır, Bakıda görməyə şad olduğumu bildirirəm. Azərbaycana xoş gəlmisiniz. Azərbaycanda belə forumlar çox keçirilib. Prezident İlham Əliyev ölkədə idmana çox önəm verir. Azərbaycanda müxtəlif yarışlar keçirilib. Bizim təşəbbüsümüzlə zorxana idman növü Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarınının proqramına salınıb. Azərbaycanda 2019-cu ildə Gədəbəy rayonunda Milli Yaylaq Festivalı keçirilib".
"Azərbaycanda 100-dən artıq idman qurğusu mövcuddur. Ölkədə 5 mart Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur və bu münasibətlə İdman Həftəsi baş tutub. Bugünkü formun belə tarixə düşməsi bizim üçün əlamətdardır. İnanıram ki, yekunda yaxşı nəticələr əldə edəcəyik və milli idman növləri daha da inkişaf edəcək", - deyə Qayıbov əlavə edib ("Report").