
"Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb.
Sportnet.az-ın məlumatına görə, "Red Bull" pilotu Serxio Peres finişə birinci çatıb. Onun komanda yoldaşı Maks Ferstappen ikinci, "Ferrari"dən Karlos Sayns üçüncü olub. "Mercedes"də çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton isə 11-ci yerlə kifayətlənib.
Günün ilk yarısında gerçəkləşən birinci sərbəst yürüşdə Ferstappen bütün rəqiblərini qabaqlayaraq birinci olub.
İyunun 5-də "Formula 1"də üçüncü test yürüşü və sıralama turu, iyunun 6-da isə əsas mərhələ gerçəkləşəcək.
Beləliklə, Azərbaycan Qran-prisində ilk günə yekun vurulub.